Aktrisa Pərvin Abıyeva dünən qonaq olduğu televiziya verilişlərinin birində “TikTok” sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59 500-61 200 AZN) qazandığını bildirib. Pərvin bu onlayn platformadan gündəlik 2-3 min dollar (təxminən 3 400-5 100 AZN) gəlir əldə etdiyini də deyib. Bu məsələ sosial şəbəkələrdə ciddi marağa səbəb olub. Biz ətrafdan müşahidə edirik ki, bir çoxları sosial şəbəkənin qazandırdığı yüksək məbləğlərdən mənfi və ya müsbət mənada təsirlənir. Platformadan gündəlik gəlir əldə etmək üçün gününün çox hissəsini “TikTok” da keçirənlər də az deyil.
Sosioloq Rəşad Əsgərov Editor.az-a açıqlamasında bildirib ki, son zamanlar sosial media vasitəsilə insanlar özlərinə məxsus olan şəkil, videoları paylaşmaqla müəyyən gəlir əldə etmək üçün günün əksər hissəsini “TikTok”da keçirir:

“İnsanlar əsasən asudə vaxtlarında sosial şəbəkələr vasitəsilə paylaşdıqları videoroliklərdən müəyyən gəlir əldə etməyə çalışır və əldə edirlər. Adətən sosial şəbəkə hesablarında müəyyən kütləsi olan insanlardan digərləri də təsirlənir, bir növ əldə edilən gəlir digərlərini də “şirnikləşdirir”. Bu tendesiya bəlkə də şou-biznes, incəsənət sahəsində çalışanlar üçün müəyyən qədər səmərəli fəaliyyət növü ola bilər. Ancaq həmin şəxslərin bu fəaliyyətlərini, əldə etdikləri gəlirləri geniş ictimaiyyətə açıqlaması, “reklam etmə”si və bilərəkdən və ya bilməyərəkdən gəncləri bu istiqamətdə fəaliyyətə sövq etməsi olduqca qəbuledilməz haldır. Yaxşı olardı ki, “Tiktok” istifadəçiləri qazandıqları gəlirləri daha açıq şəkildə bölüşməsinlər, çünki bu insanları bir növ “şirnikləşdirir””.
Sosioloq hesab edir ki, “TikTok” artıq əksər gənclərin, hətta cəmiyyətin böyük hissəsində aslılıq yaradıb:
“”TikTok”dan səmərəli şəkildə istifadə edənlərin sayı çox azdır. Bəziləri “TikTok” hesablarında sadəcə canlı açıb, videolar paylaşmaqla günlərinin çox hissəsini bu platformada keçirir. Bu hallar ailədaxili münasibətlərin pozulmasına, sosial şəbəkələrdən aslılığın yaranması, insanlarda aqressiya hissinin artmasına, onların assosiallaşmasına gətirib çıxarır. Sosial şəbəkələr vasitəsilə yaranan “böyük qazanc”, “lüks həyat” istəyi hələ dünyagörüşü və həyata baxışının tam formalaşmadığı yeniyetmələrə mənfi təsir göstərir”.
//Gülnarə Abasova, Editor.az

