Editor.az politoloq Sultan Zahidovla müsahibəsini təqdim edir:
– Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlamasında bildirib ki, Taxıl müqaviləsinin reanimasiyası yalnız Rusiya tərəfinin müəyyən etdiyi sistemli şərtlərə əməl ediləcəyi təqdirdə və sazişin elan edilmiş humanitar məqsədlərə uyğun olması şərtilə mümkündür. Bu şərtlərə nələr daxildir?
-Rusiyanın Taxıl sazişi ilə bağlı mövqeyi bundan ibarətdir ki, ilk növbədə qərb və Ukrayna üzərilərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Yalnız bundan sonra rəsmi Moskva Taxıl Sazişinin bərpası barədə düşünə bilər. Bu öhdəliklər və şərtlər nədən ibarətdir? İlk növbədə Qaluzinin də qeyd etdiyi kimi Rusiyanın kənd təsərrüfatı banklarına xüsusən də “Rosselxozbank”na qoyulan sanksiyalar aradan qaldırılsın. Həmin bank SWIFT-ə geri qaytarılsın. İkinci şərt isə Rusiyaya kənd təsərrüfatı sahəsində ehtiyat hissələrin ixracına qoyulan qadağaların aradan qaldırılmasıdır. Üçüncüsü isə Rusiya nəqliyyat və logistika, sığorta ilə bağlı qadağaların aradan qaldırılmasını tələb edir. Nəhayət rəsmi Moskva şirkətlərinin xaricdəki əmlaklarına olan çıxışının bərpa edilməsini Qərbdən tələb edir. Bu 4 əsas şərti irəli sürür. Yalnız həmin şərtlər yerinə yetirildikdən sonra Taxıl sazişinin mümkün olacağını vurğulayır.
-Rusiya Taxıl sazişini dondurduğunu elan etdikdən sonra bütün diqqət Türkiyəyə yönəldi. Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri məsələyə müsbət töhfə verəcək?
-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün məsələ ilə bağlı açıqlamasınsa qeyd etdi ki, Taxıl Sazişinin reanimasiyası üçün Qərbin müəyyən şərtləri yerinə yetirməsi vacibdir. Rusiyanın irəli sürdüyü şərtlər 2022-ci ilin iyulunda Taxıl sazişi imzalanarkən təsbit olunmuşdu. Həmin şərtlər yerinə yetirilmədiyi üçün Moskva ötən ayın 17-də sazişi dondurmaq qərarını vermişdir. O zaman Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparacağını qeyd etmişdi. Bu danışıqlar baş tutsa da lazımi nəticə əldə olunmadı. İndi isə Putinin Türkiyəyə səfərində də həmin məsələnin müzakirə olunacağı gözlənilir.
-Bəs Qərb indiki şəraitdə Rusiyanın təkliflərini yerinə yetirməyə hazırdır?
-Qərb tərəfi Rusiyaya kənd təsərrüfatı sahəsində sanksiyalar tətbiq etdiyini etiraf etmir. ABŞ dövlət departamentinin sanksiyalar idarəsinin rəhbəri belə bir açıqlama verdi ki, “Rusiyanın kənd təsərrüfatı məhsullarına qarşı sanksiyalarımız yoxdur. Rəsmi Moskva heç özü də nə istədiyini bilmir”. Qərbin Rusiyanın şərtlərini yerinə yetirməsi Ukraynanın mövqeyini bir qədər sarsa bilər. Qərb də buna razı olmaz. Tərəflər arasında ciddi fikir ayrılıqları var. Bu da sazişin bərpasını uzadır. Bütün dünya da bundan əziyyət çəkir. Ukraynanın buğda, arpa ixracından dünyanın 40-dan çox ölkəsi asılıdır. Mövcud vəziyyət həmin ölkələrin aclıq çəkməsinə səbəb olar. Bu birbaşa təsirdir. Dolayı təsir isə dünyada taxıl, buğda, arpa qiymətlərinin həndəsi silsilə ilə atmasına səbəb olmasıdır.
– Son olaraq, sizcə, Türkiyə Rusiyanı Taxıl sazişinə qayıtmağa razı sala biləcək?
-Türkiyə özü də qeyd etdi ki, məsələdə top Qərb tərəfindədir. Qərbin güzəşt etməsi vacibdir. Əks halda Rusiya müsbət addım atmayacaq. Qərbin rəsmi Moskvanın şərtlərinin ən azından bir qisminə belə əməl etməməsi sazişdə ciddi irəliləyişin əldə edilməsinə maneədir. Yəni, məsələ təkcə Türkiyə-Rusiya iradəsindən asılı deyil. Qərb də müəyyən addımlar atmalıdır.
//Safura Bənnayeva, Editor.az