“Torpaq bizimdir, özümüz bilərik!”- Tofiq Abbasovdan AÇIQLAMAbackend

“Torpaq bizimdir, özümüz bilərik!”- Tofiq Abbasovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan öz addımları ilə göstərir ki, tutduğu yolda son dərəcədə təmkinlidir. İndi Rəsmi Bakı yürütdüyü siyasətlə torpaqlarımızda özbaşınalıq etməyə çalışanların çənbərini daraldır. Ermənistan Azərbaycanın tutduğu bu yolda təmkinini, humanistliyi, böyüklüyünü qanmır və qanmayacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan öz ərazilərində qanunlar çərçivəsində gördüyü işlərə görə heç kəsdən çəkinmir:

” Bu baxımdan dəfələrlə deyilib ki, rus “sülhməramlıları” da həddini aşsa, qeyri-qanuni işlərə göz yumsa onlar icazə verdiyimiz müddətdən əvvəl öz şələ-şülələrini yığıb ərazilərimizi tərk edəcəklər. Ermənistandakı revanşist qüvvələr elə bir abu-hava yaratmağa çalışırlar ki, arxalarında duran “sülhməramlılar” müddətdən artıq yəni, 2025-ci ildən sonra da Qarabağda qalsın. Buna qarşılıq kimi Ermənistan öz ərazilərində Avropa İttifaqının müşahidəçilərinə yer verdi və hətta onların nəzərdə tutulan müddətdən artıq qalmasını da tələb etdi. Halbuki onların nə Ermənistana, nə də bölgəyə heç bir xeyri yoxdur. Ancaq onların əsas vəzifəsi kəşfiyyat və vəziyyətə nəzarət adı altında bölgə ilə bağlı bacardıqları qədər məlumat toplamaqdır”.

T. Abbasov onu da vurğulayıb ki, Rusiyanın “sülhməramlıları” proseslərdən nəticə çıxartmalıdır:

“Azərbaycan tələsmir, bütün addımlarını ölçüb-biçərək atır. Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması isə vəziyyəti köklü surətdə dəyişir. Rəsmi Bakı öz imkanlarını genişləndirərək qarşı tərəfin terrorçularının manevr imkanları və məkanını daraldır. Ermənistan və havadalarları dünyaya car çəkir ki, guya Azərbaycan üçtərəfli bəyanatın müddəalarını pozur. Ancaq özləri bəyanatın əsas bəndlərini hələ də yerinə yetirmirlər. Odur ki, Azərbaycan sözünü deyib və bundan sonra hansısa dövlət bizə qarşı haqsız bəyanatlarla çıxış edirsə etsin rəsmi Bakı öz işini beynəlxalq hüququn qanunları çərçivəsində görməyə davam edəcək. Torpaq bizimdir, onun təhlükəsiz qayğıları da bizim üzərimizə düşür. Özümüz bilərik!”.

//Gülnarə Abasova, Editor.az