Tanzaniyanın şimalında daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 47 nəfər ölüb.
Editor.az xəbər verir ki, bu barədə DW yerli mediaya istinadən məlumat verib. Məlumatda deyilir ki, dekabrın 2-də Tanzaniyanın paytaxtı Dodomadan 300 kilometr aralıda yerləşən Kateş şəhərinə yağan leysan geniş dağıntılara və insan tələfatına səbəb olub.
Dekabrın 3-də səhər saatlarında təxminən 13 min nəfər əhalisi olan şəhərdə Tanzaniyanın dördüncü ən yüksək dağı – Hananqdan sürüşmə baş verib. Torpaq layı evləri bünövrədən qoparıb, yolu dağıdıb.
Təbii fəlakət nəticəsində azı 47 nəfər həlak olub, 85 nəfər yaralanıb. Hazırda BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP28) üçün Dubayda olan Tanzaniya prezidenti Samiya Həsən təbii fəlakət qurbanlarının ailələrinə başsağlığı verib və insanları xilas etmək üçün əlavə hökumət qüvvələrinin göndərildiyini bildirib.
//Samir Qurbanov, Editor.az

