“Gürcüstan rəsmiləri, baş nazir İrakli Qaribaşvili, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze rəsmi Tibilisinin Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişinə ev sahibliyi etmək iqtidarında olduğunu bildiriblər”.
Bunu Editor.az-a politoloq Sultan Zahidov Gürcüstanın Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sülh prosesinin irəliləməsi üçün Gürcüstan öz təklifini irəli sürüb:
“Bu da Qafqazda sülhün, əmin-amanlığın yaranmasına hesablanıb. Gürcüstan hər iki ölkə ilə normal münasibətlərə malik dövlət kimi vasitəçilik missiyasını həyata keçirə bilər. Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana səfəri zamanı da vurğulamışdı ki, Tbilisi formatının perspektivinə bel bağlamaq olar. Gürcüstan Azərbaycan üçün strateji əhəmiyyət daşıyan dövlətdir”.
Politoloq sözügedən məsələdə müəyyən nüansların olduğuna diqqət çəkib:
“Torpaqlarımızın 30 illik işğalı dövründə Gürcüstan tərəfindən bəyanatlar səsləndirsə də prosesin irəliləməsi istiqamətində ciddi fəaliyyət göstərilməyib. Sözsüz ki, rəsmi Tbilisinin də bəzi problemləri var idi. Məlum olduğu kimi 2008-ci ildən etibarən əraziləri işğal olunub. Lakin istənilən halda iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində ciddi töhfə verməyib”.
S. Zahidov Rusiya-Gürcüstan münasibətlərindəki gərginlik fonunda rəsmi Moskvanın bir neçə ildir ki, vasitəçilik etdiyi sülh prosesinin nəticəsinin Tbilisidə reallaşmasına müəyyən əngəllər törətdiyini düşünür:
“Rusiya 3 ilə yaxındır ki, prosesin aktiv iştirakçısıdır. Buna görə birdən-birə Gürcüstan faktorunun ortaya çıxması bəzi maneələrin yaranmasına səbəb ola bilər. Azərbaycan Tbilisi platformasının məqbul olduğunu dəfələrlə bildirib. Rəsmi Bakı Gürcüstanın qərəzsizliyinə, etibarlığına bel bağlayır”.
Politoloqun fikrincə, sülh sazişinin imzalanması ilə paralel həmin maddələrə də əməl etmək olduqca vacibdir:
“Saziş sadəcə kağız üzərində imzalanmamalıdır. Ermənistan öhdəliklərini yerinə yetirəcəkmi? Ermənistan-Azərbaycan münaqişəsinin ümumi tarixinə nəzər salsaq görərik ki, 1919-cu il noyabrın 23-də məhz Tbilisi şəhərində iki tərəf arasında saziş imzalandı. Bu sazişə əsasən ermənilər Zəngəzurdan silahlılarını geri götürəcəkdi. Lakin saziş imzalandıqdan sonra 1 gün keçməmiş ermənilər hücum həyata keçirdilər. Bu kimi hallar çox yaşanıb. Onlar imzaladıqları sazişlərin öhdəliklərinə riayət etməyiblər”.
N.Samxaradzenin açıqlamasında Gürcüstanın regionun lideri olması ilə bağlı fikrinə politoloq belə münasibət bildirib:”
“Yerləşdiyi mövqeyə əsasən Gürcüstanın lider olmaq imkanı var. Tranzit əhəmiyyəti də böyükdür. Azərbaycanın iri neft-qaz kəmərləri oradan keçir. Lakin lider ölkə öz daxili problemlərini həll etməlidir. Gürcüstanın torpaqlarının bir hissəsi hələ də işğal altındadır. Doğrudur, bununla bağlı artıq 15 ildir ki, kağız üzərində fəaliyyət göstərən Cenevre formatı var. Lakin ciddi irəliləyiş əldə edilməyib”.
//Safura Bənnayeva, Editor.az

