İslam Piriyev atası olmadığı uşağa görə aliment ödədiyini iddia edir.
Milli.Az xəbər verir ki, o, 2012-ci ildə ailə həyatı qurub. Onun sözlərinə görə, evləndikləri günün səhəri həyat yoldaşının səhhətində problem yaranıb və onu xəstəxanaya aparıblar. Həkimlər isə ona “Təbrik edirik, həyat yoldaşınız hamilədir” deyiblər.
10 yaşına qədər uşaq evində böyüyən İslam Piriyev bildirib ki, həyat yoldaşının qohum-əqrəbasının hədə-qorxularından çəkinərək bir il evli qalıb, sonra isə boşanıb. Bir neçə il sonra, təxminən bir il əvvəl isə aliment kəsildiyi barədə məlumat alıb.
İslam 10 yaşına qədər uşaq evində böyüyüb və özünün dediyinə görə, oxuma-yazma bilmir. Başına gələn hadisələri də savadsızlığı ilə əlaqələndirir.
Bəs bu kimi hallar qanunla necə tənzimlənir?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, bu halda şəxs atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. DNT analizi keçirilərək atanın kimliyinə qərar verilir. Bu analizin qiyməti 700 manatdan yuxarıdır. Əgər şəxsi ata olduğu sübut olunursa, o aliment verməyə davam edir. Analizin cavabı nəticəsində şəxsin ata olmadığı müəyyən edilərsə, DNT testinin ödənişin ana ödəyir. Həmçinin, ata olduğu iddia edilən şəxs verdiyi alimentləri məhkəməyə müraciət edərək geri ala bilər.