ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Vaşinqtonun bundan sonra Ukraynaya yardım üçün vəsait ayırmayacağını bəyan edib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Tramp açıqlamasında ABŞ-ın artıq bütün zəruri resursları NATO-ya satdığını bildirib.
“Biz bir qəpik də xərcləmirik. Artıq bizi keçmiş prezident Bayden dövründə olduğu kimi qarət etmirlər. Bayden əlində olan hər şeyi, raketləri, istədiklərini pulsuz, heç bir təzminat almadan paylayırdı”, – deyə Tramp vurğulayıb.
O, həmçinin sələfinin fəaliyyətinin mahiyyətini anlamadığını qeyd edib.
Tramp daha əvvəl iddia etmişdi ki, Bayden 350 milyard dolları konfet kimi paylayıb və Kiyev bu yardımın böyük qismini nağd şəkildə alıb. Onun sözlərinə görə, Ukraynaya ayrılan külli miqdarda vəsaitin bir hissəsi ABŞ üçün nəzərdə tutulan avadanlıqların alınmasına yönəldilib.
// Gülnarə Abasova, Editor.az

