ABŞ Prezidenti Donald Tramp İran ətrafında baş verən son hadisələrlə bağlı açıqlamasında bildirib ki, həyata keçirilən zərbələr nəticəsində Tehranın hərbi potensialının böyük hissəsi sıradan çıxarılıb və qarşıdurmanın yaxın vaxtlarda başa çatması ehtimalı var.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Tramp eyni zamanda Hörmüz boğazında yaranmış gərginlik fonunda enerji idxalından asılı olan ölkələrə ABŞ-ı dəstəkləmək çağırışını yenidən səsləndirib.
ABŞ Prezidenti Donald Tramp vitse-prezident JD Vens ilə birlikdə Ağ Evdə keçirilən rəsmi imza mərasimində jurnalistlərin suallarını cavablandırıb.
O qeyd edib ki, İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib: “Bunun bir həftə ərzində başa çatacağını düşünmürəm, lakin proses uzun çəkməyəcək və yaxın zamanda yekunlaşacaq”.
Tramp Hörmüz boğazındakı vəziyyətə də toxunaraq vurğulayıb ki, xüsusilə enerji tələbatının böyük hissəsini bu marşrut vasitəsilə təmin edən dövlətlər daha fəal mövqe sərgiləməli və müttəfiqlər hərbi dəstək göstərməlidirlər.
//Gülnarə Abasova, Editor.az

