Tramp “diktator” adlandırdı, Ərdoğan çətiri altına aldı – Ukraynanın taleyi necə olacaq?backend

Tramp “diktator” adlandırdı, Ərdoğan çətiri altına aldı – Ukraynanın taleyi necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin vədlərinə aldanaraq Rusiyaya müharibə elan edən Ukrayna çətin vəziyyətdədir. Hazırda ABŞ-dən gözlənilməz “zərbə” alan Ukrayna çox ağır seçim qarşısında qalıb. Ya, ABŞ-nin şərtlərini qəbul edib sərvətlərinin verməli, ya da Rusiya ilə razılığa gəlib, ərazilərinin itirilməsinə göz yummalıdır. Belə çətin vəziyyətdə Zelenski Türkiyəyə sığınıb. Ərdoğan isə Zelenskini çətiri altına alaraq həm Rusiyaya, həm qərbə, həm də ABŞ-yə mesaj verib.

ABŞ Ukraynanın sərvətlərini istəyir

Donald Trampın administrasiyası Ukrayna münaqişəsinə iqtisadi prizmadan yanaşaraq ABŞ-nin maliyyə yardımının əvəzində Ukraynanın zəngin mineral ehtiyatlarından istifadə etməyi planlaşdırır. Xüsusilə titan, uran, litium və nadir torpaq elementləri kimi strateji resurslar bu razılaşmada əsas yer tutur. ABŞ-nin bu resurslara marağı, Çindən və Rusiyadan asılılığını azaltmaq məqsədi daşıyır.

Trampın iqtisadi yanaşması ABŞ-nin İraq müharibəsində buraxdığı səhvləri təkrarlamamaq məqsədi daşıyır. ABŞ-nin keçmiş dövlət rəsmisi, ehtiyatda olan general-leytenantı Kiç Kelloq İraqda neft müqavilələrinin bağlanmamasının ABŞ-a iqtisadi fayda gətirmədiyini xatırladaraq, Ukrayna məsələsində fərqli strategiya izlənəcəyini bildirib.

Zelenski əvvəl bu təklifə müəyyən şərtlərlə açıq olduğunu bildirib və təhlükəsizlik zəmanətləri müqabilində müqaviləyə dəstək verə biləcəyini vurğulayıb. O, Rusiyanın gələcəkdə yenidən hücuma keçməsinin qarşısını almaq üçün ya NATO-ya üzvlük, ya da Ukraynanın nüvə silahları ilə təmin edilməsini irəli sürüb.

Zelenski daha sonra ABŞ-nin 500 milyard dolları nadir torpaq ehtiyatları ilə geri qaytarmaq tələbinin ciddi olmadığını bildirib və Vaşinqtonun Ukraynaya verdiyi dəstəyin rəqəmlərlə şişirdildiyini vurğulayıb. Onun sözlərinə görə ABŞ indiyə qədər Ukraynaya 67 milyard dollarlıq silah və 31.5 milyard dollar büdcə dəstəyi verib, lakin müharibənin ümumi xərci 320 milyard dollara çatıb və bunun əhəmiyyətli hissəsini ukraynalılar və Avropa qarşılayıb. Zelenski ABŞ-nin yalnız resurslara çıxış əldə etmək istədiyini, lakin təhlükəsizlik zəmanətlərinə dair heç bir konkret təklif vermədiyini qeyd edib. O, Ukraynanın nadir metallarını Vaşinqtona güzəştə getmək əvəzinə, daha güclü təhlükəsizlik təminatlarının lazım olduğunu bildirib.

Tramp Zelenskini “diktator” adlandırdı

Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini ölkədə seçkilər keçirməkdən imtina etdiyi üçün “diktator” adlandırıb. O, bu fikirləri “Truth” sosial şəbəkəsindəki paylaşımında ifadə edib.

“Bir düşünün: yüksək dərəcədə uğurlu komediya ustası Volodimir Zelenski qalib gələ bilməyəcəyi və heç vaxt başlamamalı olduğu müharibə üçün ABŞ-ni 350 milyard dollar xərcləməyə inandırdı. ABŞ və Tramp olmadan o bu münaqişəni heç vaxt həll edə bilməyəcək. ABŞ bu müharibəyə Avropadan 200 milyard dollar çox xərcləyib. Avropaya pulun geri qaytarılmasına zəmanət verilib, ABŞ isə əvəzində heç nə almır. Yuxulu Co Bayden niyə ədalətli olmadı? Hərçənd ki, bu müharibə Avropa üçün bizdən daha vacibdir. Bizi ayıran böyük və gözəl okeanımız var. Bundan əlavə, Zelenski etiraf edir ki, ona göndərdiyimiz pulun yarısı itib. O, seçki keçirməkdən imtina edir. Ukrayna sorğularında onun reytinqi çox aşağıdır. Onun uğur qazandığı yeganə şey Baydeni skripka kimi ifa etməkdir. Seçkisiz diktator. Zelenski tələssə yaxşıdır. Əks halda onun ölkəsi qalmayacaq. Həmçinin onu da deyə bilərəm ki, biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq. Hamı bunu yalnız Tramp və Tramp administrasiyasının edə biləcəyi fikrindədir. Bayden cəhd belə etmədi. Avropa sülh gətirə bilmədi. Zelenski isə yəqin ki, maliyyə axınının davam etməsini istəyir. Mən Ukraynanı sevirəm. Amma Zelenski dəhşətli iş görüb, ölkəsi dağıdılıb, milyonlarla insan boş yerə ölüb və bu davam edir…”, – Tramp yazıb.

Tramp Bayden administrasiyasını Ukrayna ilə bağlı ədalətsiz siyasət yürütməkdə günahlandıraraq Rusiya ilə sülh danışıqlarının yalnız onun prezidentliyi dövründə mümkün ola biləcəyini vurğulayıb. O, Zelenskinin seçkilərdən qaçdığını, reytinqinin aşağı olduğunu və Ukraynanın daha da dağılmaması üçün tələsməli olduğunu qeyd edib.

Türkiyə Zelenskini çətiri altına aldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskini Ankarada rəsmi mərasimlə qarşılayıb. Görüş zamanı yağan yağış səbəbindən Ərdoğanın çətirini Zelenski ilə paylaşması sosial mediada və mətbuatda “Ukrayna Türk çətiri altında” kimi şərh olunub.

Bu görüş Ukrayna ilə Rusiya arasında sülh səylərinin artdığı dövrdə baş tutub. ABŞ-nin prezidenti Donald Tramp barışıq danışıqlarının başlayacağını elan etdikdən sonra Avropa liderləri Parisdə, ABŞ və Rusiya nümayəndələri isə Ər-Riyadda bir araya gəlib. Hər iki zirvə görüşündə Ukraynanın təmsil olunmaması fonunda Zelenskinin Ankaraya səfəri və Ərdoğanın səmimi münasibəti Türkiyənin Ukraynaya verdiyi dəstəyin göstəricisi kimi qiymətləndirilib.

Ərdoğanın çətir jesti sosial mediada geniş müzakirə olunaraq Türkiyənin Ukraynaya dəstəyinin rəmzi ifadəsi kimi dəyərləndirilib. Bu jest beynəlxalq ictimaiyyətin də diqqətini çəkərək Türkiyənin sülh prosesindəki roluna vurğuyla yanaşıb.

Ukraynanın taleyi necə olacaq?

Bu proseslər göstərir ki, Ukraynanın taleyi indiki geosiyasi mühitdə çox da yaxşı görünmür. ABŞ-nin Ukraynaya iqtisadi təzyiq göstərməsi və sərvətlərə çıxış əldə etməsi, Zelenskinin təhlükəsizlik zəmanətləri məsələsində razılaşmaya getməməsi, həmçinin Trampın sərt münasibəti Ukraynanın gələcəyinə dair qaranlıq tablo yaradır.

Hazırda müxtəlif beynəlxalq güclər və böyük dövlətlər, hər biri öz maraqlarını güdür, bu isə Ukraynanı təzyiq altına salır. ABŞ-nin iqtisadi təklifləri, xüsusilə resurslara çıxış məsələsi, Ukraynanın gələcəyinə mənfi təsir edə bilər, çünki bu, Ukraynanın müstəqilliyini zədələyə bilər və uzunmüddətli iqtisadi asılılığa səbəb ola bilər.

Eyni zamanda, Rusiya ilə razılığa gəlmək də ərazilərin itirilməsinə və Ukraynanın daha da zəifləməsinə səbəb ola bilər. Ukraynanın təhlükəsizliyi və suverenliyi məsələsində güclü zəmanətlər almağa çalışması doğrudur, amma bu, özü də böyük risklər daşıyır.

Ukraynanın gələcəkdə necə bir yol seçəcəyi ABŞ-nin təklif etdiyi iqtisadi şərtlərlə razılaşmaq və ya Rusiya ilə birbaşa danışıqlara getmək arasında ciddi seçimə bağlı olacaq. Zelenskini öz xalqının və beynəlxalq müttəfiqlərinin qarşısında göstərdiyi münasibət, təhlükəsizlik zəmanətləri məsələsində daha güclü mövqe tutmağa çalışması onun və Ukraynanın müstəqilliyi üçün həlledici olacaq.

Zelenskinin indiki addımları və Türkiyənin dəstəyini alması da bu mənada müsbət addımdır. Zelenskinin Türkiyəyə sığınıb Ərdoğanın dəstəyi ilə həm Rusiyaya, həm də Qərbə mesajlar göndərməsi, Ukraynanın daha müstəqil və balanslı bir siyasət yeritməyə çalışdığını göstərir. Türkiyənin bu məsələdəki mövqeyi və sülh prosesinə cəlb edilməsi, Ukraynanın gələcəyi üçün daha çox diplomatik dəstək təmin edə bilər.

Milli.Az