Mətbuatda Moskvanı qrupa daxil edərək G8-i yenidən qurmaq istəyən Trampın təyinatından sonra keçiriləcək ilk G7 toplantısında Rusiya ilə bağlı açıqlamaların dəyişə biləcəyi bildirilir.
G7 qrupunun xarici işlər nazirləri ABŞ-da başlayan 2-ci Donald Tramp dövründə ilk dəfə bir araya gələcək. G7 dövrünün prezidenti Kanadanın ev sahibliyi edəcəyi xarici işlər nazirləri toplantısı öncəsi Vaşinqtondan verilən açıqlamalar, iclasın sonunda qəbul ediləcək bəyannamədə əvvəlkilərdən fərqli olaraq Rusiya ilə bağlı daha yumşaq ifadələrin işlədiləcəyi gözləntilərini artırıb. Kanada hökuməti Ukrayna böhranı da daxil olmaqla bütün beynəlxalq təhlükəsizlik məsələlərində qrup daxilində birliyin qorunub saxlanmasını gözləyir.
Editor.az xəbər verir ki, Kanadanın xarici işlər naziri Melani Coli amerikalı həmkarı Marko Rubio ilə konstruktiv telefon danışığı apardığını bildirib və qrupa üzv ölkələrin möhkəm birlik nümayiş etdirməsi üçün martın 12-14-də Kvebek əyalətinin Şarlevua qəsəbəsində keçiriləcək görüşü gözlədiyini bildirib.
Bununla belə, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Vaşinqton Ottavanın yekun bəyannamə üzərində iş zamanı Rusiya sanksiyalarından yan keçmə ilə mübarizə üçün qrup yaratmaq təklifini rədd edib. Bloomberg yazıb ki, ABŞ sənəddə Rusiyaya qarşı ritorikanı yumşaltmaqda israrlı olsa da, Çinlə bağlı daha sərt ifadələrin yer almasını istəyir. Xəbərdə ABŞ-ın G7-nin Qərbin Rusiya ilə əlaqələndirdiyi gəmilərlə bağlı xüsusi qrup yaradılması təklifini rədd etdiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Ağ Ev sənəddən Rusiyaya qarşı sanksiya sözünün çıxarılmasını və Ukraynadakı münaqişələrlə bağlı Rusiya əleyhinə ifadələrin işlədilməməsini istəyib.
//Gülnarə Abasova, Editor.az