ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatına xəbərdarlıq edib. O bildirib ki, təşkilat oktyabrın 5-i axşam saatlarınadək təqdim olunan sülh planını qəbul etməsə, görünməmiş fəlakətlə üzləşəcək.
Editor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Əgər yekun razılaşma əldə olunmasa, HƏMAS indiyə qədər heç vaxt olmadığı qədər fəlakətlə üzləşəcək. Yaxın Şərqdə sülh bu və ya digər şəkildə təmin olunacaq”, – ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və İsrailin dəstəyi ilə regionun böyük və güclü ölkələri tərəfindən hazırlanmış sülh planı HƏMAS üçün son şansdır və bu, təşkilatın qalan döyüşçülərini xilas etməsinə imkan verə bilər.
Ağ Ev sözçüsü isə əlavə edib ki, bütün girovlar dərhal azad edilməlidir. Tramp həmçinin günahsız fələstinlilərin mümkün toqquşma zonasından təxliyə olunmasına çağırıb.
//Gülnarə Abasova, Editor.az

