“ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Cənubi Afrika Respublikasının prezidentini soyqırımda və ağ dərililərə qarşı diskriminasiyada ittiham etməsi və ona videolar göstərəcək aşağılaması əslində İsrail Baş naziri Benyamin Netanyahuya qarşı Qəzza hadisələri ilə əlaqəli Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmasına cavab idi. Göründüyü kimi ABŞ və İsrail arasında həqiqətən də hansısa fikir ayrılıqları var. Amma bu o demək deyil ki, hər iki ölkə bir-birindən uzaqlaşır və ya ABŞ İsraili tək qoyur”.
Bunu Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, Tramp İran məsələsini sülh, Netanyahu isə güc yolu ilə həll etmək istəyir:
“Bu, ABŞ dövləti üçün məntiqli yoldur. İsrail üçün isə bu təhlükəsizlik məsələsidir. İran dəfələrlə danışıq yolu tutub, sonra yenə də öz bildiyini edib. Odur ki, Netanyahu məsələni birdəfəlik kökündən həll etmək istəyir. Tramp isə qısa müddətə ABŞ dövlətinin başına gəlib. Onun başqa prioritet məsələləri var. Ona görə də İsrailin problemini digər məsələlərdən önə keçirmək istəmir. Netanyahu isə bunda israrlıdır. Yaxın Şərq regionunda geosiyasi maraqlar yenidən yaradılır. Güclü dövlətlər də bundan istifadə etməyə çalışır. İsrail gücünün ən pik nöqtəsində və Iranın zəiflədiyi bir durumda fürsəti əldən vermək istəmir. Görünən odur ki, Netanyahu üçün bütün qırmızı cizgilər keçilib.
O, yeri gəlsə Trampı da hesaba almayacaq. Hesab edirəm ki, İranın gec-tez vurulması ehtimalı böyükdür. Bu zaman ABŞ məcbur da olsa, İsrailin yanında olacaq”.
//Gülnarə Abasova, Editor.az

