“Donald Tramp inaqurasiya mərasimində daha çox ABŞ-nin daxilinə yönəlik məsələlərə toxundu və Amerikanı yenidən dünyanın ən böyük gücü edəcəyi ilə bağlı bəyanatlar səsləndirdi. Əslində bu çıxış bir daha göstərdi ki, Donald Tramp Amerikanın dünyada hegemon güc olması və daha güclənməsi üçün öz siyasətini həyata keçirdəcək. Bu mərasimdə bütün məsələlərə toxunmaq imkanı da geniş deyildi”.
Bunu politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında deyib. Politoloq Tramp rəhbərliyindəki ABŞ hökumətinin Tehranla bağlı planları barədə suallarımızı cavablandırıb. O bildirib ki, Donald Trampın İranla bağlı mövqeyi sərtdir:
“Hələ keçən prezidentlik dönəmində də o, İrana qarşı müəyyən sanksiyalar tətbiq etmişdi, sərt siyasət yürüdürdü. Eyni zamanda, Donald Tramp və onun komanda üzvlərinin əksəriyyəti İsrail və Yəhudi lobbisi ilə çox yaxın münasibətdə olan şəxslər, birbaşa İsrail tərəfdarlarıdır. İrana qarşı münasibətin bundan sonra da sərt olacağı aydındır. Hesab etmirəm ki, Tramp vəzifəsinin icrasına başladıqdan dərhal sonra İrana qarşı ciddi həmlələr edəcək, genişmiqyaslı savaşa girəcək. Hesab edirəm ki, o daha çox müxtəlif təzyiq vasitələrindən istifadə edəcək. İran tərəfi də Donald Trampın sərt mövqeyini bildiyi üçün yumşaq mesajlar verməyə çalışır, dialoqa hazır olduğunu bildirir. Bu da gələcəkdə İranla müzakirələr masasına oturmaq üçün müəyyən imkanlar yaradır.
Donald Tramp məhz İranla bu cür sərt siyasəti nəticəsində müəyyən məsələləri həll edə bilər. Nəzərə alsaq ki, hazırda İran Yaxın və Orta Şərqdə öz təsir imkanlarını itirib və zəif dövrünü yaşamaqdadır. Bu da ABŞ-ın əlini gücləndirən faktlardandır. Ancaq hesab etmirəm ki, İrana qarşı birbaşa ABŞ-ın iştirakı ilə hər hansı bir addım atılacaq. Yalnız İsrailin razılığı ilə Amerika tərəfindən müəyyən addımlar atıla bilər. Xüsusilə İranın nüvə proqramı ilə bağlı öz mövqeyindən geri çəkilməsini təmin etmək İsrail üçün çox vacibdir. Yaxın 6 ayda ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatların başlaması deyil, müəyyən sanksiyaların sərtləşdirilməsi gözlənilir. Əgər İran ABŞ-la dialoqda inadçı mövqedə olsa, ona qarşı daha sərt sanksiyalar tətbiq oluna və ardıyca İsrail vasitəsilə təzyiqlər göstərilə bilər”.
//Gülnarə Abasova, Editor.az