“İranın yeni ali lideri əvvəlcə Vaşinqtonun razılığını almalıdır, əks halda o, uzun müddət hakimiyyətdə qala bilməz”.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “ABC News” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ regionda vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq istəyir və buna görə də İran rəhbərliyində dəyişikliklərin Vaşinqton üçün qəbuledilən olması vacibdir.
ABŞ prezidenti eyni zamanda bildirib ki, mövcud İran hakimiyyəti ilə əlaqəli bir namizədin də təsdiqlənməsi mümkündür. Onun sözlərinə görə, İran rəhbərliyi üçün uyğun hesab edilə biləcək bir çox namizəd var.
D.Tramp əlavə edib ki, Vaşinqton İranın bütün Yaxın Şərq regionunu nəzarətə götürməyi planlaşdırdığını hesab edir və bu səbəbdən mümkün addımların hamısını nəzərdən keçirir. O, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ABŞ xüsusi təyinatlı qüvvələrinin göndərilməsini də istisna etməyib.
Xatırladaq ki, İranın ali lideri ayətullah Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi əməliyyat zamanı öldürülüb. Yeni ali lideri 88 nəfərdən ibarət Ekspertlər Şurası seçməlidir.

