ABŞ prezidenti Donald Tramp İran ərazisində olduğu ehtimal edilən yeni nüvə obyektinə zərbə endiriləcəyini bildirib.
Editor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Livan prezidenti Cozef Aunla görüşü zamanı danışıb. O, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini vurğulayıb.
“Biz həmin əraziyə zərbə endirəcəyik. Onların nüvə silahı üzərində işlədiyini düşündüyümüz istənilən obyektə çox güclü zərbələr endirəcəyik”, – deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl “Axios” nəşri Tramp administrasiyasının İranla bağlı iki variant arasında seçim etdiyini yazıb. Bunlardan biri region ölkələrinin vasitəçiliyi ilə təklif olunan 10 günlük atəşkəs, digəri isə münaqişənin daha da genişləndirilməsi və eskalasiyanın davam etdirilməsidir.
Məlumata görə, Qətər, Misir, Pakistan və digər regional vasitəçilər ABŞ və İrana atəşkəs təklifi təqdim ediblər. Hazırda Vaşinqton administrasiyası bu təklifi nəzərdən keçirir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai iyulun 20-də Tehranın vasitəçilər kanalı ilə ABŞ tərəfindən münaqişənin gərginliyinin azaldılması və atəşkəsə dair təklif aldığını açıqlayıb.
//Gülnarə Abasova, Editor.az

