ABŞ Prezidenti Donald Tramp jurnalistlərə təyyarədə verdiyi açıqlamada İran rəhbərliyinin ölkəni bürüyən etiraz aksiyalarını sərt şəkildə yatırmaqla “qırmızı xətti” aşdığını deyib.
Editor.az xəbər verir ki, Ağ Ev bu açıqlamanı YouTube platforması üzərindən yayımlayıb.
“Görünür, onlar artıq qırmızı xətti aşmağa başlayıblar. İran rəhbərliyində olan şəxslər qəddardırlar. Onlara lider demək olar, amma bilmirəm, həqiqətən lider adlandırmaq olarmı. Məncə, onlar zorakılıq yolu ilə idarə edirlər”, – deyə Tramp bildirib və Ağ Evin bu məsələni son dərəcə ciddi şəkildə izlədiyini vurğulayıb.
Eyni zamanda, ABŞ prezidentinin sözlərinə görə, İran hakimiyyəti Vaşinqtonla danışıqlar aparmaq üçün müraciət edib və mümkün görüş hələ təşkilatçılıq mərhələsindədir.
Qeyd edək ki, yanvarın 11-də CNN Tramp administrasiyasının İranda kütləvi etirazlar fonunda Tehrana qarşı hərbi variantları da nəzərdən keçirdiyini yazmışdı. Məlumata görə, Ağ Ev rəhbərinə son günlərdə mümkün hərbi zərbələrdən tutmuş qeyri-hərbi tədbirlərə qədər müxtəlif müdaxilə planları barədə məlumat verilib. Bu planlardan bəziləri etirazların yatırılması üçün İranın təhlükəsizlik qüvvələrinin aktiv şəkildə istifadə olunmasını da əhatə edib.
Xatırladaq ki, dekabrın 28-də İranda milli valyutanın kəskin ucuzlaşmasına etiraz olaraq genişmiqyaslı aksiyalar başlayıb. Hakimiyyət orqanları buna cavab olaraq təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə edilib. Ən böyük etiraz aksiyaları Tehranda keçirilsə də, ən şiddətli toqquşmaların ölkənin qərb və cənub-qərbində yerləşən Malekşah, Kermanşah və Lordegan şəhərlərində baş verdiyi bildirilib.
//Gülnarə Abasova, Editor.az

