ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Özbəkistan son üç ildə Amerikanın müxtəlif iqtisadi sektorlarına təxminən 35 milyard dollar investisiya yatırıb və qarşıdakı 10 ildə bu məbləğin 100 milyard dollardan artıq olacağı gözlənilir.
Editor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, Özbəkistan ABŞ-da mineral ehtiyatlar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika, kimya sənayesi və informasiya texnologiyaları kimi sahələrə sərmayə qoyacaq.
“Özbəkistanın iqtisadi əməkdaşlıqda göstərdiyi təşəbbüsü yüksək qiymətləndirirəm. Prezident Şavkat Mirziyoyevə təşəkkür edirəm və Vaşinqtonla Daşkənd arasında uzunmüddətli, qarşılıqlı faydalı münasibətlərin davam edəcəyinə inanıram”, – deyə Tramp bildirib.
Qeyd edək ki, noyabrın 6-da Vaşinqtonda “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında sammit keçirilib. Görüş çərçivəsində Qazaxıstanla ABŞ arasında ümumi dəyəri 17 milyard rubl olan investisiya sazişləri imzalanıb.
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev sammitdə çıxışı zamanı qeyd edib ki, Vaşinqtonda keçirilən bu görüş Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq.
//Gülnarə Abasova, Editor.az

