Beynəlxalq siyasət səhnəsində diqqətlər yenidən Alyaskaya yönəlib. Burada baş tutan Tramp–Putin dialoqu, sadəcə, iki liderin söz atışması ilə məhdudlaşmır. Əksinə, arxa planda dünya nizamını dəyişdirə biləcək gizli mesajlar və maraqlı sövdələşmələr hiss olunur. ABŞ, Rusiya və Avropa İttifaqının iştirak etdiyi bu “geosiyasi şahmat oyunu”nda hələ ki, kimin son gedişi edəcəyi müəmmalıdır.
Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Donald Tramp və Vladimir Putin arasındakı dialoq özünəməxsus üslubda davam edir. Onun sözlərinə görə, hər iki liderin sərt bəyanatlarına baxmayaraq, əslində onların bir-birinə qarşı kəskin addımlar atmaq niyyəti görünmür.
“Bu oyunda üç əsas aktor var: ABŞ, Rusiya və Avropa İttifaqı. Avropa bütövlükdə Zelenskini dəstəkləyir və bildirir ki, müharibə davam etməli, Zelenski hakimiyyətdə qalmalı, Tramp isə məğlub olmalıdır. Lakin Tramp çox yaxşı anlayır ki, Avropanın səsləndirdiyi şüarlar nə təsirli, nə də realistdir. Çünki Rusiyanın məğlubiyyət ehtimalı sıfıra bərabərdir, əksinə, Ukrayna rəhbərliyinin çöküşü qaçılmazdır. Zelenski hakimiyyətini qorumaq üçün müharibədən yapışır və xalqı inandırmağa çalışır ki, itirilmiş ərazilər geri qaytarılacaq”, – deyə politoloq vurğulayıb.
Alyaskadakı görüşün fərqli məqamlarına da toxunan Abbasov qeyd edib ki, Tramp və Putin özlərini bərabər səviyyəli güclər kimi görürlər:
“Onlar Avropa liderlərinə yuxarıdan aşağı baxırlar. Son illərdə yeddi Avropa rəhbəri Ağ Evə gəlib, amma Tramp onları sanki şagird kimi sıraya düzmüşdü. Bu, Avropa üçün utancverici mənzərə idi. Bütün bunların fonunda isə Zelenski çox cılız və çarəsiz görünür.”
Politoloqun sözlərinə görə, Trampın Rusiyaya ünvanladığı sərt bəyanatlar, hətta uzaqmənzilli raketlərin Ukraynaya veriləcəyi barədə açıqlamalar real deyil:
“ABŞ-da belə həmin silahların istehsalına start verilməyib. Tramp əslində Zelenski üzərində eksperiment aparır və göstərməyə çalışır ki, dünyanın əsas gücü məhz odur. Ona görə də hesab etmirəm ki, Alyaska görüşündən sonra Tramp Putinə qarşı sərt addımlar atsın və ya sanksiyaları gündəmə gətirsin. Xaricdə söz savaşı gedir, amma reallıqda görünən odur ki, tərəflər arasında sövdələşmə var.”
//Gülnarə Abasova, Editor.az


