ABŞ və Rusiya arasında liderlər səviyyəsində görüş keçirilməsi ilə bağlı prinsipial razılaşma mövcuddur, lakin görüşün dəqiq tarixi və yeri hələ müəyyən edilməyib. Bu barədə ABC News telekanalına açıqlama verən Ağ Evin adının açıqlanmasını istəməyən rəsmisi məlumat verib.
Mənbənin sözlərinə görə, görüşün harada və nə zaman keçiriləcəyi barədə qərar verilməyib. Eyni zamanda, Trampın Vladimir Putinlə birbaşa görüşməsinin şərtli olduğu bildirilir: Rusiya lideri əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməlidir. Lakin Kreml bu şərtlə bağlı konkret öhdəlik götürməyib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin müşaviri Yuri Uşakov jurnalistlərə açıqlamasında Putin və Tramp arasında görüşün yaxın günlərdə baş tutacağını bildirib və sammitlə bağlı hazırlıqların artıq başladığını söyləyib.
Bu bəyanatdan dərhal sonra ABŞ tərəfindən verilən açıqlama Kreml ilə Vaşinqton arasında görüş məsələsinə yanaşmalarda ciddi fərqlərin olduğunu ortaya qoyur.
//Samir Qurbanov, Editor.az

