ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla birgə şam yeməyi zamanı Qəzzadakı vəziyyətə dair açıqlamalar verib. Editor.az xəbər verir ki, Tramp regionda vəziyyətin uzun illərdir mürəkkəb olduğunu, lakin yaxın vaxtlarda yaxşılaşacağına inandığını bildirib.
Prezident Tramp çıxışı zamanı Qəzzadakı proseslərin dəyişməkdə olduğunu vurğulayaraq deyib:
“Qəzza uzun illər, hətta onilliklərdir çətin vəziyyətdədir. Lakin hazırda orada vəziyyətin yaxşılaşdığı görünür. Hətta ən sərt tənqidçilər belə Yaxın Şərqdə baş verənlərin bir növ möcüzə olduğunu etiraf edirlər”.
Tramp həmçinin ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin tarixdəki ən güclü mərhələdə olduğunu ifadə edib:
“Bu gün burada bir daha sübut edirik ki, ölkələrimiz arasında tərəfdaşlıq heç vaxt indiki qədər möhkəm olmayıb. Biz münasibətlərimizi daha da gücləndiririk və Səudiyyə Ərəbistanı ABŞ-ın ən etibarlı dostlarından biridir”.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Ər-Riyad arasında hərbi əməkdaşlıq genişləndirilir və Səudiyyə Ərəbistanı NATO-dan kənar əsas müttəfiq statusuna yüksəldilib.
// Gülnarə Abasova, Editor.az

