ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Kreml görüşü konstruktiv kimi qiymətləndirib. Danışığın əsas mövzularından biri Ukrayna müharibəsinin mümkün qədər tez başa çatdırılması və ABŞ-Rusiya münasibətlərinin yenidən normallaşdırılması olub.
Məlumata görə, Tramp müharibənin diplomatik yolla həll edilməsinin vacibliyini vurğulayıb. ABŞ lideri hesab edir ki, Ukrayna münaqişəsinin sona çatdırılması Vaşinqtonla Moskva arasında iqtisadi və ticarət əlaqələrinin yenidən qurulması üçün də imkan yarada bilər.
Putin isə ABŞ prezidentinə Rusiyanın Avropaya qarşı aqressiv planlarının olmadığını bildirib. Kreml rəhbərliyi həmçinin ABŞ nümayəndələrinin Moskva və Kiyevə son səfərlərini müsbət qiymətləndirib.
Telefon danışığında əsir mübadiləsinin davam etdirilməsinin vacibliyi də müzakirə olunub. Tərəflər gələcəkdə əlaqələri davam etdirmək və zərurət yaranacağı halda yenidən telefon danışığı aparmaq barədə razılığa gəliblər.
Bununla belə, danışıqların konkret nəticə verib-verməyəcəyi hələlik məlum deyil. Ukrayna müharibəsində əsas fikir ayrılıqları, xüsusilə ərazi məsələsi, təhlükəsizlik zəmanətləri və atəşkəsin şərtləri üzrə qalmaqdadır.
//Samir Qurbanov, Editor.az

