Tramp xəbərdarlıq etdi: İsrail müharibəni dayandırmazsa nə baş verəcək?backend

Tramp xəbərdarlıq etdi: İsrail müharibəni dayandırmazsa nə baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin eyni vaxtda Livan, Qəzza və Yəməndə apardığı hərbi əməliyyatlar regional təhlükəsizliklə bağlı narahatlıqları artırır.

Son məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah”a aid hərbi obyektlərə səkkiz hava zərbəsi endirib. Xüsusilə, Nabatiya yaxınlığında yerləşən və təşkilatın yeraltı komanda məntəqəsi hesab edilən obyektlərin hədəf alındığı bildirilir.

Digər tərəfdən, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubeydanın zərərsizləşdirildiyini açıqlayıb. Baş nazir Benyamin Netanyahu isə Yəməndə “Ənsar Allah” (Husilər) hərəkatının çoxsaylı üzvlərinin məhv edildiyini, növbədə təşkilatın rəhbərliyinin olduğunu bəyan edib.

Analitiklərin fikrincə, Təl-Əvivin çoxcəhətli hərbi strategiyası regionda sülhü təmin etməkdən çox, yeni qarşıdurmaların qığılcımlarını artırır.

Siyasi analitik Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, bu mövzuda ABŞ-ın sabiq prezidenti Donald Tramp da diqqətçəkən bir məqamı vurğulayıb:

“Tramp hesab edir ki, İsrail Qəzza müharibəsini mümkün qədər tez başa çatdırmalıdır. Çünki hərbi qələbə qazansa belə, beynəlxalq müstəvidə imicinə ciddi zərbə dəyir. Bu isə uzunmüddətli perspektivdə İsrailin həm region ölkələri, həm də Qərb dövlətləri ilə münasibətlərinə mənfi təsir göstərir.”

S.Soltanın sözlərinə görə, İsrailin müharibəyə üstünlük verməsi həm də ABŞ-ın regiondakı nüfuzuna mənfi təsir göstərir və belə təəssürat yaranır ki, Təl-Əviv artıq Vaşinqtonun maraqlarını nəzərə almır.

“İsrail əvvəllər bir çox ölkələrlə güclü tərəfdaş idi. Hazırda isə Qəzzadakı hadisələr onun beynəlxalq imicinə ciddi zərbə vurur. Avropa və ABŞ-da keçirilən İsrail əleyhinə kütləvi etiraz aksiyaları da bunu sübut edir,” – deyə Soltan əlavə edib.

//Gülnarə Abasova, Editor.az