ABŞ prezidenti Donald Trump İranla bağlı növbəti sərt bəyanatla çıxış edib.
O, 28 fevraldan etibarən Israil ilə birlikdə həyata keçirdikləri hücumların davam etdiyini bildirərək İran-ı yenidən təhdid edib.
Editor.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social hesabında paylaşım edib. ABŞ lideri açıqlamasında İranın hərbi imkanlarının ciddi zərbə aldığını iddia edib.
Tramp bildirib ki, İranın donanması və hava qüvvələri artıq məhv edilib, ölkənin arsenalında olan raketlər, pilotsuz uçuş aparatları (PUA) və digər hərbi vasitələrin sıradan çıxarılması istiqamətində əməliyyatlar davam etdirilir.
“İranın donanması artıq mövcud deyil, hava qüvvələri də faktiki olaraq sıradan çıxarılıb. Raketlər, pilotsuz uçuş aparatları və digər bütün hərbi vasitələr məhv edilir, onların liderləri isə yer üzündən silinib. Bizim misli görünməmiş silah gücümüz, tükənməz sursat ehtiyatımız və kifayət qədər vaxtımız var”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin iddia edib ki, İran 47 il ərzində dünyanın müxtəlif yerlərində günahsız insanların ölümünə səbəb olub. Onun sözlərinə görə, hazırda Tehran bunun əvəzini ödəyir.
“Bu gün başlarına nələrin gələcəyini izləyin”, – deyə Tramp bəyanatında əlavə edib.
//Gülnarə Abasova, Editor.az

