ABŞ Prezidenti Donald Tramp, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəs və əsirlərin azad olunması istiqamətində razılaşmaya “çox yaxın olduqlarını” bildirib.
Tramp bu fikirləri Ağ Evdə Afrikalı liderlərlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. O, İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi danışıqlarda əsas müzakirə mövzusunun Qəzza olduğunu deyib. “Razılaşma ehtimalı dəqiq deyil, lakin çox yüksəkdir”, – deyə o vurğulayıb.
Tramp atəşkəsin “bu həftə olmasa, bəlkə də gələn həftə” baş tuta biləcəyinə dair ümidini bölüşüb.
Ağ Evdə ABŞ, İsrail və Qətər rəsmiləri arasında baş tutduğu deyilən gizli görüşlə bağlı da danışan Tramp, Qəzzadakı əsirlərlə bağlı razılaşma istiqamətində irəliləyişin “mümkün” olduğunu qeyd edib.
“Əgər sirlər bizi məqsədimizə aparırsa, bu, yaxşıdır. Biz atəşkəs, sülh və əsirlərin geri qaytarılmasını istəyirik. Hesab edirəm ki, buna çox yaxınlaşmışıq”, – deyə Tramp əlavə edib.
ABŞ mediası isə qeyd edib ki, tərəflər Qəzzada gözlənilən atəşkəsin və əsirlərlə bağlı razılaşmanın qarşısındakı əsas maneələri aradan qaldırmaq üçün müzakirələr aparıblar.
//Samir Qurbanov, Editor.az

