Amerikalı media meneceri Kristofer Raddi-yə məxsus Newsmax televiziya kanalı Ukraynada yayım fəaliyyətinə başlayacaq.
Editor.az xəbər verir ki, bununla bağlı məlumat kanalın rəsmi internet saytında dərc olunub.
Şirkət Ukraynada yayıma başlamaq üçün lisenziya müqaviləsi imzaladığını açıqlayıb. Bildirilir ki, kanalın rəhbərliyinə hazırda öz YouTube kanalını da idarə edən jurnalist Lyudmila Nemirya təyin oluna bilər.
Newsmax ABŞ Prezidenti Donald Trampın, həmçinin ABŞ-də fəaliyyət göstərən aparıcı sağyönlü media qurumlarının sevimli televiziya kanallarından biri hesab olunur. Kanalın yayıma başladıqdan sonra tamformatlı fəaliyyət göstərəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin dekabrında Donald Tramp ona qarşı “mənfi mövqe” nümayiş etdirən Amerika televiziya kanallarının lisenziyalarının ləğv edilməsini tələb etdiyini açıqlamışdı. O, CBS, ABC və NBC kanallarında yayımlanan gecə şoularının aparıcılarını “istedadsızlıqda, yüksək maaş almaqda və son dərəcə aşağı reytinqlərə malik olmaqda” ittiham etmişdi.
//Gülnarə Abasova, Editor.az

