ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin amerikalı siyasətçinin Ukrayna ətrafındakı böhranı həll etməyə hazır olması ilə bağlı sözlərini müsbət qiymətləndirib.
Sentyabrın 12-də Putin bildirib ki, Trampın Ukraynadakı münaqişəni mümkün qədər tez həll etmək niyyəti “bizi sevindirməyə bilməz”.
“Onun bunu söyləməsi mənim xoşuma gəldi, çünki bu, mənim doğru şeyləri söylədiyim anlamına gəlir”. Editor.az xəbər veir ki, bu sözləri Donald Tramp “NBC News”a müsahibəsində deyib.
Siyasətçi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ukrayna böhranını “24 saat ərzində” həll etməyə hazır olduğu fikrini bir daha təkrarlayıb.
O, Ukraynadakı vəziyyətin həlli ilə bağlı təkliflərinin konkret təfərrüatlarını açıqlamayıb və qeyd edib ki, öz sülh planının təfərrüatları haqqında danışmağa başlasa, “bütün kozırlarını itirəcək”.
Lakin Tramp bir daha söz verib ki, o, münaqişənin sülh yolu ilə həllinə mümkün qədər tez – hətta 2025-ci ilin yanvarında mümkün rəsmi inauqurasiyasından əvvəl də nail ola biləcək.
//Samir Qurbanov, Editor.az

