ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı hazırladığı yeni sülh planından Donbasın Rusiyanın nəzarətinə keçməsini nəzərdə tutan bənd çıxarılıb.
Editor.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Nəşrin dərc etdiyi hesabatda bildirilib ki, Cenevrədə aparılan danışıqlardan sonra ilkin 28 maddəlik sənəd yenidən işlənərək 19 bəndə endirilib. Yenilənmiş versiyada “Ukrayna ərazisinə dair digər həssas məsələlərin” də çıxarıldığı vurğulanır.
Kremlin sözçüsü Dmitri Peskov noyabrın 25-də ABŞ-ın sülh planı ətrafında yaranmış vəziyyəti “informasiya bayramı” adlandırıb. O qeyd edib ki, Moskva yalnız qeyri-rəsmi yollarla əldə edilmiş və müəyyən dəyişikliklərə məruz qalmış ilkin sənədin versiyasına malikdir.
Məlumata görə, ABŞ ordusunun katibi Daniel Driscoll noyabrın 25-də Əbu-Dabidə amerikalı tərəfin 19 maddəlik qısaldılmış sənədini Rusiya nümayəndə heyətinə təqdim edəcək.
CNN yazır ki, bu görüş Moskva və Vaşinqton arasında sənəd ətrafında yüksək səviyyəli qarşılıqlı fəaliyyətin başlanğıcı hesab olunur.
// Gülnarə Abasova, Editor.az

