ABŞ Prezidenti Donald Trampın “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi ilə bağlı açıqlamaları Qərb siyasətçilərinin tənqidinə səbəb olub.
Editor.az xəbər verir ki, Finlandiyanın mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema sosial şəbəkədə Trampın bu qərarın nəticələrini dəyərləndirərkən yetərincə məlumatlı olmadığını bildirib.
“Görünür, o, bu addımın doğuracağı nəticələr barədə kifayət qədər məlumatlı deyildi. Bu, bütün dünya üçün yaxşı xəbər deyil,” – deyə Mema vurğulayıb.
Siyasətçi əlavə edib ki, belə bir qərar beynəlxalq gərginliyi daha da artıraraq, qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər.
Xatırladaq ki, bir gün əvvəl Ağ Evdə çıxış edən Donald Tramp, “Tomaqavk” raketlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərarı faktiki olaraq qəbul etdiyini açıqlamışdı. O, həmçinin bildirib ki, bu raketlərin istifadəsinə razılıq verilməzdən əvvəl onların “dəqiq və məqsədyönlü şəkildə” tətbiq ediləcəyinə zəmanət verilməlidir.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor xəbərdarlıq etmişdi ki, Ukraynanın “Tomaqavk” raketlərindən istifadə etməsi Rusiya ilə ABŞ arasında birbaşa müharibə riskini artırar.
// Gülnarə Abasova, Editor.az

