Yaxın Şərqdə vəziyyətin taleyi yenidən ABŞ siyasətinin mərkəzinə çevrilib. Qəzzada müvəqqəti atəşkəsin saxlanması və regionda gərginliyin azaldılması indi çoxlarının ümidini Donald Trampın bölgəyə səfərinə bağlayıb. Lakin bu səfərin sülhə aparan yol, yoxsa yeni qarşıdurma dalğası yaradacağı hələ ki, açıq sualdır.
Mövzu ilə bağlı siyasi analitik Aydın Quliyev Editor.az-a bildirib ki, ABŞ Prezidentinin bu səfəri Yaxın Şərqdəki vəziyyəti istənilən halda dəyişdirəcək — əsas məsələ bu dəyişikliklərin müsbət, yoxsa mənfi istiqamətdə olacağıdır:

“Trampın regionda təsir imkanları kifayət qədər genişdir. Əgər o, Yaxın Şərqdə münaqişə tərəflərinin — həm İsrailin, həm də Fələstinin maraqlarını nəzərə alan yeni siyasi model təklif edə bilsə, bu, uzunmüddətli sülhün əsasını qoya bilər.
Hazırda Qəzzada İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəs davam etsə də, bu razılaşmanın nə qədər dayanıqlı olacağı sual altındadır. Müşahidəçilər hesab edir ki, atəşkəsin ömrü birbaşa Trampın səfər zamanı hər iki tərəfə verəcəyi siyasi siqnallardan asılı olacaq”.
A.Quliyev bildirib ki, əgər Tramp İsraili Qəzzada radikal müqavimətin təkrarlanmayacağına inandıra, eyni zamanda Fələstini və HƏMAS-ı gələcəkdə Fələstin dövlətinin yaradılacağına inandırmağı bacarsa, bu, regionda uzunmüddətli sülh üçün ciddi təminat ola bilər:
“Lakin əks halda — əgər ABŞ lideri tərəfləri qane edən, illərdir davam edən mövqeləri uzlaşdıran real platforma təqdim edə bilməsə, indiki atəşkəsin uzunömürlü olacağına inanmaq çətindir. Trampın Yaxın Şərqdəki proseslərdə ikiqat təsir mexanizminə malik olduğu da qeyd olunur: onun İsrail üzərində birbaşa, HƏMAS və digər fələstinli qruplar üzərində isə dolayı təsir imkanları mövcuddur.
Bütün hallarda ekspertlər hesab edir ki, bu səfər Yaxın Şərqdə növbəti mərhələnin başlanğıcı olacaq — ya diplomatik irəliləyiş, ya da yeni qarşıdurma dalğası kimi tarixə düşəcək”.
// Gülnarə Abasova, Editor.az

