ABŞ və Rusiya münasibətlərində yenidən gərginlik dalğası yüksəlir. Oktyabrın ortalarında Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığından sonra iki ölkə arasında diplomatik xəttin bir qədər yumşalacağı gözlənilsə də, hadisələr tam əks istiqamətdə inkişaf edir. Moskvanın Ukrayna mövzusundakı sərt mövqeyi və Vaşinqtonun sanksiya qərarları tərəflər arasında yeni siyasi qarşıdurmanın konturlarını cızır. Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyət artıq təkcə diplomatik mübahisə deyil, qlobal güc balansına təsir edə biləcək bir böhrana çevrilməkdədir.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında oktyabrın 16-da keçirilən telefon danışığı zamanı müəyyən razılaşmalar əldə olunmuşdu. Onun sözlərinə görə, Budapeştdə iki liderin görüşü də razılaşdırılmışdı:

“Lakin Rusiyanın Ukrayna ilə bağlı mövqeyindən geri çəkilməməsi və atdığı addımlar nəticəsində ABŞ tərəfi Moskvaya qarşı yeni sanksiyalar elan edib. Analitikin fikrincə, bu addım Rusiyada ciddi narahatlıq və gərginlik yaradıb”.
“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu sanksiyaları ABŞ-nin Rusiyaya qarşı müharibə elan etməsi kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Dövlət Departamenti ilə dialoqa hazır olduqlarını bildirib. Görünən odur ki, Rusiya tərəfi təşviş içindədir və ABŞ-la ikitərəfli danışıqları davam etdirməyə, əvvəlki razılaşmaları reallaşdırmağa çalışır. Lakin Moskva öz şərtlərini Vaşinqtona qəbul etdirmək niyyətindədir”, – deyə Məhəmməd Əsədullazadə bildirib.
Ekspertin fikrincə, ABŞ tərəfi Rusiyanın bu tələblərinə razılıq verməyəcək: “Düşünmürəm ki, ABŞ və Rusiya arasında yaxın zamanda hər hansı müsbət nəticə əldə olunsun. Çünki Vaşinqtonun sanksiya qərarı iki ölkə münasibətlərində yeni böhran mərhələsinin başlanğıcıdır. Rusiya Ukrayna məsələsində geri addım atmır və Trampın atəşkəs təklifini də qəbul etmir. Bu isə Ağ Evdə ciddi narazılıq yaradıb. Moskva tərəfi yenidən Vaşinqtonla təmas qurmağa çalışsa da, bu səylərin yaxın perspektivdə real nəticə verəcəyi inandırıcı görünmür”.
//Gülnarə Abasova, Editor.az

