Tural Gəncəliyev kimlə və niyə “məzələnir”?backend

Tural Gəncəliyev kimlə və niyə “məzələnir”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Tural Gəncəliyevin Xankəndidə ofis açmaq istəməsi barədə Tvitterdə, həm də ingiliscə yazdığı status ətrafında bir xeyli “fırtına” qoparılandan sonra Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mediaya açıqlaması sübut etdi ki, bu qurum qədər mənasız İB təsəvvür etmək çətin məsələdir.

Əvvəla, başlayaq ondan ki, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” adının özü Azərbaycanın, onun Prezidentinin, 44 günlük müharibədəki qələbəninin ideyasına, məqsədinə, çatdığı hədəfə ziddir.

Prezident İlham Əliyev deyib ki, heç bir status olmayacaq, status gorbagor oldu, yəni “Dağlıq Qarabağ” inzibati ərazi vahidi kimi 1991-ci ildə de-yure ləğv edilmişdi, 10 noyabr 2020-də de-fakto cəhənnəmə getdi.

Prezident daha sonra – 26 fevral konfransında açıq mətnlə, tam aydın şəkildə, DÖRD DİLDƏ izah etdi ki, “Dağlıq Qarabağ” ifadəsindən imtina edin!

“Dörd dildə” sözünü ona görə fərqləndirdim ki, bəlkə, Tural Gəncəliyevin kontorunda Azərbaycan dilini anlamaq problemi var. Varsa, onda Prezidentin sözlərini digər dillərdə oxusunlar!

Tural Gəncəliyev hansı əsasla, hansı meyarla bu adı ictimai birlikdə saxlamağa davam edir? Hansı siyasəti aparır, hansı ideologiyanın daşıyıcısıdır?

İkincisi, nə dağlıq, nə aran, nə də yuxarı Qarabağın “azərbaycanlı icması” ola bilər! Siz Prezidentin çıxışlarına, dövlətin apardığı siyasətə, şəhidlərimizin uğrunda öldüyü və həyata keçirdiyi ideallara baxmırsınız, oxumursunuz, eşitmirsiniz, görmürsünüz? Azərbaycanın Qarabağ bölgəsində yalnız və yalnız Erməni İcması ola bilər, Gəncəliyev – o da olsa, başa gəlsə, rus sülhməramlıları gedənə qədər orda yaşasalar, köçüb getməsələr. Zəruri olaraq Tural Gəncəliyevin nəzərinə çatdırım ki, rus sülhməramlıları Qarabağa 52.700 ermənini köçürüb gətirib. Amma ruslar gətirdiklərini sayırlar, gedənləri hesaba almırlar. Erməni mediası hazırda Qarabağda 30 min civarında erməninin olduğunu qeyd edir. 30 min erməninin yaşadığı, heç bir statusu olmayan bölgədə “Azərbaycanlı İcması” necə ola bilər?

Bu təklifi, təşəbbüsü hələ 44 günlük Vətən savaşı bitən kimi qeyd etmişdik. Vurğulamışdıq ki, Tural Gəncəliyev bu İB-in adını dəyişməli, ya da ümumiyyətlə birlik buraxılmalıdır. Ən azı bu birliyin adı bizim təbliğatımıza, ideoloji-siyasi konsepsiyamıza ziyan vurur, ermənilərin əlində istifadə alətinə çevrilir.

Üçüncüsü: Tural Gəncəliyev ingiliscə Tvitterdə bir post yazır, sonra ermənilərin ona hədə-qorxularını ictimailəşdirir və proses gedir ayrı səmtə və deyəsən, bu “ayrı istiqamətdən” nəinki narahatlıq bildirilir, hətta bu mənasız İB-in rəsmi açıqlamalarından belə məlum olur ki, bu qurumdakılar rəhbərlərinin tvitindən xəbərsizdirlər – elə Tural Gəncəliyevin özü kimi!

Tural Gəncəliyev 5 gün öncə atdığı tvitdə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” adlı adıbatmış qurumun ofisinin Xankəndidə açılmasını yazmayıb, adam Xankəndinin deputatı kimi orda ofis açacağını qeyd edib. Məsləhət görürük ki, Tural Gəncəliyev öz statusunu bir də oxusun və “ib”dəkilərə də oxutsun. Bunu ayrı yerə yozmağa nə ehtiyac varmış?

Bu azmış kimi, “ib”in rəsmi nümayəndəsi çıxır və deyir ki, Tural Gəncəliyev bu statusu “ermənilərin nəbzini yoxlamaq üçün” yazıbmış. Yəni əslində elə fikri-zad yoxdur, sadəcə, həkimlik edirmiş, “nəbz” tuturmuş!

Anlaşılmaz bir açıqlama-status-hoqqa! Necə yəni “nəbz yoxlaması”? Xankəndinin millət vəkili Xankəndidə ofis açmalıdır, bu, Azərbaycanın qanunları ilə tənzimlənir. Seçki keçirilib, erməni əhali iştirak etməyib – cəhənnəmə etsin, azərbaycanlılar da Tural Gəncəliyevi deputat seçiblər. Qanuna görə, hər bir deputatın seçildiyi dairədə ofisinin olması mütləqdir. İndi Tural Gəncəliyev ofis axtardığını deyir, ardınca “erməniləri də Milli Məclisdə layiqincə təmsil edəcəyəm” sözlərini guruldadırsa, bunu əbləhcəsinə “nəbz yoxlamaq” kimi niyə fırladır, sözünüzdən geri durur, qorxaq və zavallı bir hala gətirirsiniz?

Çünki məsələdən xəbəriniz yoxdur! Bu tvitin o mənasız-məzmunsuz “ib”ə heç bir aidiyyəti yox idi və buna cavab verməyə də “ib” nümayəndəsinin səlahiyyəti çatmır.

İllah ki, cavab verməyə məcburdursa, daha “nəbz yoxlama” nə deməkdir? Ermənilərin “nəbzini” yoxlayandan sonra nə qərara gəldiniz? Ofis açası olmadınız?

“İb”inizin boyunu yerə soxum…

//Axar.az

Loading...