Türk Dövlətləri Təşkilatı sülhə və təhlükəsizliyə xidmət edirbackend

Türk Dövlətləri Təşkilatı sülhə və təhlükəsizliyə xidmət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbdə bəzi siyasətçilər sanki bir dirijorun çubuğu ilə Azərbaycana qarşı səfərbər olunublar. Elə bil onların başına Qarabağ boyda daş düşüb. Anti-Azərbaycan ruhlu qərəzli qətnamələrin, bədnam bəyanatların yeganə səbəbi də yalnız budur.

Siyasi riyakarlıq elə iyrənc həddə çatıb ki, Avropa İttifaqının keçmiş baş diplomatı Borrel Macarıstanın Baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakından narazılığını gizlətmir. Açıq şəkildə bəyan edir ki, Baş nazir həmin tədbirdə Avropa İttifaqını təmsil etmək üçün mandat almayıb. Nə məntiq, nə də diplomatiyanın elementar nəzakət qaydaları ilə bir araya sığmayan, üstəlik, Macarıstanın müstəqil dövlət kimi xarici siyasət hüququnu təhdid edən bu cür əcaib bəyanatlardan sonra utanmadan iddia edirlər ki, guya bunlar Ermənistanla Azərbaycan arasında ədalətli sülh üçün çalışırlar. Prezident İlham Əliyev elə bu cür siyasi riyakarlıqları nəzərə alaraq, andiçmə mərasimində cəmiyyətimizə bu mesajı vermişdi:

“Biz,-İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

Tərpətdiyimiz daşlardan biri Qarabağdır. Bəzi dairələr  Qarabağın öz yurisdiksiyasına-Azərbaycana de-fakto qaytarılması, savaş meydanında qazandığımız tarixi Zəfərlə hələ də barışmaq istəmirlər. Hər fürsətdə antiterror tədbirinin hədəf seçilməsi və Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunması da yalnız bununla bağlıdır. Onları narahat edən həm də odur ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada nüfuzlu siyasi faktora çevrilir. Azərbaycanın TDT-yə üzv dövlətlərin daha sıx birləşməsinə, təşkilatın gücləndirilməsinə xidmət edən əməli addımları, Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bəzi ölkə və qurumların siyasətçilərində əsassız qıcıq yaradır. 2021-ci il iyunun 15-də- Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə imzalanmış Müttəfiqlik Bəyannaməsi Ermənistanın havadarlarını necə narahat etmişdisə, iyulun 6-da Türk Dövlətləri Təşkilatının İslam dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və orada imzalanan Qarabağ Bəyannaməsi  onları eyni dərəcədə narahat edir. Bəyannamədə nəzərdə tutulan müddəaların, xüsusilə “üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətinin” təsdiqi ilə bağlı 24-cü maddənin bədxahların diqqətindən yayınmayacağı indidən məlumdur. Elə bu səbəbdən, Azərbaycana və TDT-yə üzv olan digər dövlətlərə qarşı yeni qərəzli qətnamələrin qəbul edilməsi, növbəti sərsəm bəyanatların səsləndirilməsi gözləniləndir. Amma sözdə ədalətdən və beynəlxalq hüquqdan dəm vuran məlum dairələr nə Ermənistana, nə də onu hücum silahları ilə silahlandıran Fransa kimi ölkələrə heç vaxt deməyəcəklər ki, rəvac verdikləri militarizasiya siyasəti Cənubi Qafqazda sülh fürsətini təhdid edir. Bu cür siyasətin qarşılığında TDT-yə üzv dövlətlərin müdafiələri haqda düşünməsi təbii və qaçılmazdır. Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı zamanı verdiyi bu  mesaj isə Türk dünyasının və onu təmsil edən TDT-nin geosiyasi və geoiqtisadi proseslərə getdikcə daha çox təsir edəcək faktora çevrildiyini təsdiq edir:

“Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXl əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Azərbaycan Prezidentinin verdiyi bu tarixi mesaj yeni dünya nizamının formalaşmasına təsir uğrunda aparılan rəqabətdə TDT faktorunun gözardı edilə bilməyəcəyinin ismarıcıdır. Ən başlıcası odur ki, Türk Dövlətləri Təşkilatı kimi əhəmiyyətli faktor bir çox birliklərdən fərqli olaraq, təbii və tarixi dəyərlər üzərində formalaşır, dünyada sülhün və təhlükəsizliyin, bərabərhüquqlu münasibətlərin qurulmasına xidmət edir, geoiqtisadi layihələrin reallaşmasına, Avropa və Asiya xalqlarının rifah halının yüksəldilməsi üçün yeni imkanlar açır.

Ülvi Quliyev

Milli Məclisin deputatı