Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi: Prezident İlham Əliyev qardaş ölkədən dünyaya hansı mesajları verdi?-TƏHLİLbackend

Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi: Prezident İlham Əliyev qardaş ölkədən dünyaya hansı mesajları verdi?-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Görüşü yaddaqalan oldu. Toplantının əsas mövzusu qardaş ölkədə fevralın 6-da baş vermiş və 49 min insanın ölümü ilə nəticələnən zəlzələ idi. Buna baxmayaraq, iclas türk dövlətləri liderlərinin və xarici işlər nazirlərinin görüşməsi, ikitərəfli və regional məsələləri müzakirə etməsi üçün yaxşı fürsət oldu.
Məlum olduğu kimi, fövqəladə iclasın Türkiyədə keçirilməsi təklifi ilə məhz Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişdi. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları fövqəladə iclasdakı çıxışları zamanı buna görə ölkə rəhbərimizə təşəkkür etdilər. Bu, türk dövlətləri liderlərinin Prezident İlham Əliyevə olan ehtiramlarının növbəti təzahürü idi.

Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Azərbaycan TDT daxilində vacib siyasi aktorlardan biridir. Rəsmi Bakı 2009-cu ildə yaranan bu qurumun inkişafında, genişlənməsində müstəsna rol oynayır. 2020-ci ildə baş vermiş və 44 gün çəkən II Qarabağ müharibənin nəticələri TDT daxilində də özünü göstərdi. Bu zəfər bir sıra türkdilli dövlətlərdə özünə inamı daha da artırdı. Təsadüfi deyil ki, TDT-nin baş katibi Kubanıçbek Ömuraliyev çıxışı zamanı İkinci Qarabağ müharibəsini xüsusilə xatırlatdı.O, 44 günlük savaş vaxtı türk dövlətlərinin Azəbaycanı tək qoymadığını bildirdi və söylədi ki, qurum daxilindəki birlik bundan sonra da davam edəcək. Deməli, İkinci Qarabağ müharibəsi həm də TDT ölkələrinin bir-birilərinə daha da yaxınlaşmasında müstəsna rol oynayıb.

Prezident İlham Əliyev TDT-dəki çıxışı zamanı bir sıra mühüm məqamlardan danışdı.Ölkə rəhbəri Türkiyə ilə Azərbaycanın- iki qardaş dövlətin daim bir yerdə olduğunu xatırlatdı: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”.

Prezidentin bu fikirləri və eyni zamanda 2021-ci ildə imzalanan “Şuşa Bəyannaməsi” ilə Bakı və Ankaranın rəsmi müttəfiq olmasını yada salması, əlbəttə, bütün dünya dövlətlərinə, o cümlədən bizi istəməyən, bir sıra hallarda çirkin planlar quran dövlətlərə mesaj idi.

Dövlət başçısı çıxışında Ermənistanın 30 illik işğalının nəticələrindən də söz açdı. O söylədi ki, məhz bu işğal nəticəsində Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Rəsmi məlumatlara görə, 2020-ci ildən bu yana işğaldan azad olunmuş torpaqlarda düşmənin mina terroru nəticəsində 49 nəfər ölüb. Bu, ciddi göstəricidir.Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT işğal dövründə olduğu kimi, indi də bəzən ikili standartlarla çıxış edir, Ermənistana lazımi təzyiqi göstərmirlər. Bu isə İrəvanı özünün “evin şıltaq uşağı” kimi aparmasın aşərait yaradır.

Amma nəzərə almaq lazımdır ki, otuz il əvvəlkindən fərqli olaraq daha durum dəyişib. TDT-nin günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bundan sonra yeni reallıqların yaranması üçün BMT-nin, ATƏT-in və başqa qurumların qərarlarına ehtiyac qalmayacaq. Biz bunu Vətən müharibəsi zamanı aydın göstərdik.

Dövlət başçısı İlham Əliyevin haqqında danışdığı məsələlərdən biri də Ermənistanın davam edən təxribatları ilə bağlı idi. Prezident dedi ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.

Nəticədə Azərbaycanın davamlı səylərinə baxmayaraq, Cənubi Qafqazda sülh və sabitliyin hələ də təmin olunmamasının və İrəvanın provokasiyalardan əl çəkməməsinin səbəbləri türk dövlətlərinin diqqətinə çatdırıldı.
Sözsüz ki, TDT-yə daxil olan bütün ölkələr regionda əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdırlar. Deməli, yekun sülh müqaviləsinin ləngiməsi onları da narahat edir.

Əlbəttə, TDT dövlətləri Ermənistanın və onun havadarlarının iç üzlərindən, planlarından xəbərdardırlar. Buna baxmayaraq, mövcud durumun TDT-nin fövqəladə iclasında xatırladılması mühüm ismarış idi. Biz dünyaya göstərdik ki, təkcə qardaş Türkiyə deyil, bütün türk dövlətləri regional sülhün, ədalətin bərpasında israrlı və həmrəydir.

Dövlət başçısının “Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır” sitatındakı mesaj da aydındır. Cənubi Azərbaycanda milyonlarla azərbaycanlının olması faktdır. Bu məsələnin tarixi kökləri çoxlarına məlumdur. Buna baxmayaraq, İrandakı molla rejimi sankı tarixi görməzdən gələrək bir sıra hallarda bizimlə diktə dilində danışmağa çalışır. İranın niyə narahat olduğu, qonluğunda nə üçün güclü Azərbaycan istəməməsi aydındır. Lakin molla rejimi orada bizim soydaşlarımızın olduğunu və türkün gücünü unutmamalıdır.

Ölkə rəhbərinin Qərbi Azərbaycan konsepsiyası barədə həmkarlarını tanış etməsi həm də tarixilik baxımından əhəmiyyətli oldu. Diqqətə çatdırıldı ki, azərbaycanlılar tarixi torpaqlarına – Qərbi Azərbaycana sülh yolu ilə qayıtmağın tərəfdarıdırlar. Bu, Azərbaycanın humanist mövqeyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Biz otuz il Qarabağa da sülh yolu ilə qayıtmaq üçün çalışırdıq. Bəlkə də, vaxtında Ermənistan Azərbaycanın diplomatik səylərinə adekvat cavab versəydi, indi bir çox politoloqun “layihə dövlət” kimi xarakterizə etdiyi bu ölkə daha çox inkişaf edər, regional layihələrdən kənarda qalmazdı. Deməli, Ermənistan hərbi-siyasi rəhbərliyi və özünü İrəvanın qardaş-bacısı kimi təqdim edən havadarları tarixi təcrübədən dərs çıxarmalıdırlar.

İclasdan sonra liderlərin imzaladıqları Ankara bəyannaməsində çox mühüm bəndlər var. Bunlardan birincisi, türk dövlətlərinin Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləmələri və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış idi. Bu, bir daha göstərdi ki, Tük Dövlətləri bütün məkrli “oyunçuların” “oyunlarını pozmaq”iqtidarındadır. Sənəddə bu bənd həm də onu deməyə əsas verir ki, İran İslam dininə arxalanaraq çirkin niyyətlərini həyata keçirə, digər müsəlman ölkələrinə qarşı təxribat hazırlaya bilməz. Bu, bizim üçün qəbuledilməzdir.

Eyni zamanda liderlər bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınadılar. Məlum olduğu kimi, son vaxtlar müxtəlif dünya ölkələrində islamofob meyillər artıb. Bunun ən bariz nümunəsi kimi müqəddəs kitabın yandırılmasını misal göstərə bilərik. Lakin TDT liderləri bunun yolverilməz olduğunu növbəti dəfə diqqətə çatdırdılar.

Hər kəsə məlumdur ki, dini etiqad azadlığı insan azadlıqlarının əsas tərkib hissəsidir. Demokratiyadan ağızdolu danışan ölkələrdə Quranın yandırılması ironik olmaqla yanaşı, həm də ikili standartların nümunəsidir. Bəzi Qərb ölkələri bunu nəzərə almalı və təxribatçı əməllərindən əl çəkməlidirlər.
Bundan başqa, prezidentlər sənəddə Türkiyəyə dəstəklərini ifadə etdilər və TDT-nin “yol xəritəsi” ilə bağlı konkret mövqe ortaya qoydular.

16 bəndlik həmin bəyannamə TDT-nin əsas prioritetlərindən birinin həmrəylik olduğunu aydın göstərdi. Bu isə o deməkdir ki, Azərbaycan daim türk dövlətlərinin yanında olduğu kimi, həmin dövlətlər də həmişə, bütün çətinliklərdə bizi dəstəkləməyə hazırdırlar.

Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra keçirdiyi brifinqdə beynəlxalq sistemin yeni böhranlara səbəb olduğunu açıq söylədi. O bildirdi ki, beynlxalq təşkilatlar bəşəriyyətin üzləşdiyi çətinliklərə ədalətli həll yolu tapa bilmirlər. Bu isə TDT daxilində əməkdaşlığın güclənməsini zəruri edir. Əlbəttə, biz buna – reallıqlara uyğunlaşmaq əvəzinə, yeni reallıqlar yaratmağa qadirik. Çünki yenə də Ərdoğanın bildirdiyi kimi, TDT səsin, nəfəsin yeni mərkəzinə çevrilir.

//Kənan Novruzov, Editor.az