“Türkiyədəki son seçkilər bütün Türk Dünyası üçün keçid mərhələsi sayıla bilər. Əgər, prezident Rəcəb Tayyib Ərdoğan məğlub olsaydı, Türk dünyasının yüksəlişi üçün başladılmış bütün strateji layihələr, atılmış önəmli addımlar yarımçıq qalacaqdı. Türk Dünyasının yüksəlişindən narahat olan bütün beynəlxalq siyasi dairələr, o cümlədən də, ABŞ və Avropa ölkələri Türkiyədə Ərdoğan hakimiyyətinin məğlub olmasını səbrsizliklə gözləyirdilər. Ancaq onların gözləntiləri reallaşmadı”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan öz seçki qələbəsi ilə Türk Dünyasının düşmənlərini məyus edib:
“Təbii ki, Türk düşmənləri üçün kifayət qədər ciddi səbəblər də var. Yalnız elə prezident Rəcəb Tayyib Ərdoğanın seçki zəfərindən dərhal sonra “Türk əsri başlansın” çağırışı ilə yeni mərhələyə start verməsi indi dünyada bir çoxlarının yuxusunu qaçırtmaqdadır. Məsələ ondadır ki, yaxın beş il ərzində Türkiyə-Azərbaycan İttifaqı qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün nəhəng potensiala malikdir. Böyük ehtimalla Türkiyə-Azərbaycan İttifaqı ilk hədəf kimi Cənubi Qafqaza şəriksiz nəzarəti təmin etməyə çalışacaq. Çünki bu, sonrakı mərhələdə Orta Asiyanın da nəzarətə alınması ilə yeni qlobal güc mərkəzi yaratmaq imkanları vəd edir. Bu baxımdan, Türkiyə-Azərbaycan İttifaqının liderliyi ilə bütün Türk dövlətlərinin vahid siyasi-iqtisadi məkana çevriləcəyi qətiyyən istisna deyil. Yəni, Türk Dünyasının Avropa və Asiyanı birləşdirən coğrafiyada bütün sahələrdə mütləq iradə sahibinə çevrilmə potensialı mövcuddur. Əgər, bu, baş verərsə, Türkiyə-Azərbaycan İttifaqının liderliyi altında Türk Birliyi dünyada hegemonluq hüququ qazanmış qlobal siyasi-iqtisadi iradə mərkəzinə çevriləcək. Ona görə də, hesab etmək olar ki, Türkiyə-Azərbaycan İttifaqının əsas hədəfi yeni dünya düzənini idarə edəcək qlobal supergüc statusu qazanmaqdan ibarətdir”.
//Gülnarə Abasova, Editor.az