“Türkiyə ilə Azərbaycan arasında münasibətlərin pozulmasına cəhd edən qüvvələr hər zaman olub və olacaq. İki ölkə arasında olan bu, qardaşlıq, dostluq, yoldaşlıq və strateji əməkdaşlıq münasibətlərini gözü götürməyən qüvvələr çoxdur. Məhz buna görə də bəzi ölkələr bu iki qardaş ölkə arasında baş verəcək hər hansı bir fikir ayrılığını “düşmənçilik” kimi qələmə verirlər. Bundan da öz məqsədləri naminə istifadə etməyə çalışırlar”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
O bildirib ki, Azərbaycan və Türkiyənin hər birinin öz xarici siyasət xətti var:
“Bu məsələdə hər iki dövlətin bir-birinin siyasəti ilə üst-üstə düşməyən məqamlar ola bilər. Ancaq bu məqamlar Azərbaycan və Türkiyə arasında münasibətlərin pozulması anlamına gəlməli deyil. Hər iki dövlət rəhbərləri bir-birinin yeritdiyi siyasəti başa düşür və qəbul edir. Son zamanlar Azərbaycanla Türkiyə arasında müəyyən soyuqluğun müşahidə olunması barədə xəbərlər yayılıb. Bu xəbərlər hər zaman olacaq. Azərbaycan və Türkiyə arasında münasibətlərin pisləşməsinə cəhd edən qüvvələr hər hansı bir situasiyadan istifadə edərək öz bədxah niyyətlərini biruzə verəcəklər. Hər hansı fikir ayrılıqlarına baxmayaraq Azərbaycanla Türkiyə öz qardaşlıq-dostluq əlaqələrini hər zaman qoruyub saxlayır. Buna son sübut isə Budapeştdə keçirilən Türk Dövlət Təşkilatının qeyri-formal Sammitində ortalığa çıxan tablolardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında keçən səmimi görüş və münasibətlər bu dezinformasiyaların hər birinin üzərindən xətt çəkir. Azərbaycan-Türkiyə ən çətin dövrlərini, ən çətin günlərini arxada qoyub. Bu ikili Ermənistan və onun arxasında duran şər qüvvələrə qarşı hər zaman birgə mübarizə aparıb. Bundan sonra da qlobal problemlərin həll olunmasında birgə addımlar atılacaq. Bu gün həm Türkiyə, həm də Azərbaycanın qarşısında həm region, həm də qlobal səviyyədə çox ciddi məsələlər dayanır. Hesab edirəm ki, nə Türkiyə, nə də Azərbaycan təkbaşına bu qlobal problemlərin dəf olmasında iştirak etmək istəməz. Türkiyə-Azərbaycan birliyi və digər türk dövlətlərinin də onların ətrafında birləşməsi zəruridir. Bu gün dünyanın ortaya çıxartdığı çağırışlara cavab vermək üçün mütləq türk dövlətləri birləşməlidir. Bu zərurəti başa düşən həm Azərbaycan, həm də Türkiyə bundan sonra da birlikdə addım atmağa davam edəcək, münasibətlərin inkişafına yeni töhfələr verəcək”.
//Gülnarə Abasova, Editor.az