Türkiyə bundan sonra Ukrayna böhranına daha çox diqqət ayıracaq- ŞƏRHbackend

Türkiyə bundan sonra Ukrayna böhranına daha çox diqqət ayıracaq- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya hərbi təcavüzü şiddətini artaraq davam etdikcə kollektiv Qərbin də “yanğına odun daşımaq” missiyası davam edir.Təəssüf ki, Ukrayna artıq bir dövlətdən daha çox Rusiya ilə Qərb arasında cəbhə xəttini xatırladır. Dağılmış, xarabalığa çevrilmiş şəhərlər, müxtəlif ölkələrə səpələnmiş on milyonlarla qaçqın və sonu görünməyən müharibə..”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq müharibədən əvvəl Ukraynaya verilən vədlərin heç birinin yerinə yetirilmədiyi qənaətindədir:

“Ukrayna nə NATO-ya, nə də AB-yə qəbul edilmədi, Rusiyaya tətbiq edilən sanksiyalar da effektsiz oldu. Savaşın ilk günlərində Almaniya və Fransanın tərəflər arasındakı vasitəçilik missiyasının da diplomatik hiylədən başqa bir işə yaramadığı məlum oldu. Belə bir geopolitik fonda Türkiyənin tərəflər arasında səmimi ortam yaratmaq cəhdləri diqqətə və təqdirəlayiqdir. Qərbin hərbi-siyasi dairələri tərəfindən nə qədər əngəllənsə də Türkiyənin, konkret olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzundan istifadə edərək İstanbulda tərəfləri bir araya gətirməyi bacarması, Qara dəniz üzərindən İstanbul boğası vasitəsilə savaşan tərəflərin taxıl və diğər qida məhsullarının “taxıl koridoru” anlaşması vasitəsilə dünya bazarına çıxarılmasını təmin etmək çox böyük diplomatik uğur sayıla bilər. 28 mayda uzun sürən seçki marafonundan sonra dünyanın böyük maraqla izlədiyi seçkilərdə, demokratik yolla Türkiyə Cumhuriyyətinin 13-cü cumhurbaşkanı seçilən R.T.Ərdoğanın yeni dönəmdə Ukrayna böhranına daha çox diqqət ayıracağı ehtimal edilir. R.T.Ərdoğanın seçildikdən dərhal sonra RF prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelinski ilə telefon diplomatiyası həyata keçirməsi hər iki lideri Ankaraya dəvət etməsi onu göstərir ki, Türkiyə lideri bundan sonra da müharibənin dayandırılması üçün daha çox əmək sərf edəcəkdir”.

Siyasi analitik bildirib ki, iyunun 3-də keçiriləcək andiçmə mərasimində 20-dən artıq dünya liderinin iştirakı Türkiyənin yüksələn gücünün bariz nümunəsidir:

“Türkiyə bu gücü ilə Yeni Dünya Nizamının qurulması, münaqişə və müharibələrin sülh və danışıqlar yolu ilə nizama salınmasında əhəmiyyətli ölkə olduğunu bir daha sübut etmiş olacaq”.

//Gülnarə Abasova, Editor.az