DÇ-2026-nın pley-off mərhələsinin final oyununda Türkiyə millisi Kosovo ilə qarşılaşmada qələbə qazanaraq mundiala vəsiqə əldə edib.
Musavat.com xəbər verir ki, Priştinada keçirilən görüş Türkiyənin minimal hesablı üstünlüyü ilə başa çatıb.
Matçın taleyini 53-cü dəqiqədə vurulan qol həll edib. Komandanın hücumçusu Kerem Aktürkoğlu rəqib qapısına yol taparaq Türkiyəni önə keçirib. Bu qol qarşılaşmada yeganə olub.
Beləliklə, Türkiyə millisi 1:0 hesablı qələbə ilə DÇ-2026-ya vəsiqə qazanaraq uzun illərdən sonra yenidən dünya çempionatında iştirak hüququ əldə edib.
***
DÇ-2026-nın pley-off mərhələsinin final oyunları çərçivəsində Kosovo ilə Türkiyə milliləri arasında görüş start götürüb.
Musavat.com xəbər verir ki, qarşılaşma Kosovanın paytaxtı Priştina şəhərində keçirilir. Bakı vaxtı ilə saat 22:45-də başlayan oyun hər iki komanda üçün həlledici xarakter daşıyır.
Matç təkcə növbəti mərhələ uğrunda mübarizə deyil, eyni zamanda iki fərqli futbol tarixinin qarşılaşması kimi diqqət çəkir. Türkiyə millisi 2002-ci ildən sonra yenidən dünya çempionatına vəsiqə qazanmaq niyyətindədir. Kosovo isə qısa müddətdə beynəlxalq futbolda söz sahibi olmağa çalışan gənc komanda kimi tarix yazmağa çalışır.
Görüşün nəticəsi qalib komandanın DÇ-2026 yolunda növbəti mərhələyə adlamasını müəyyənləşdirəcək.

