Türkiyə düşmənlərinin arzusu ürəyində qaldıbackend

Türkiyə düşmənlərinin arzusu ürəyində qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Türk dünyasında və qlobal məkanda Türkiyənin mövqelərinin daha da güclənməsini təmin edən tarixi liderlərdəndir. Onun Türkiyəyə verdiyi töhfələri Atatürk dövrü ilə də müqayisə edə bilərik. Onun hakimiyyəti dövründə iqtisadiyyat, ətraf mühit və şəhərsalma, enerji, kənd təsərrüfatı, mədəniyyət və turizm, xarici əlaqələr, müdafiə sənayesi, sənaye və texnologiya sahələrində Türkiyə dünyada önəmli güc mərkəzinə çevrilib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Politoloq bildirib ki, Türkiyə PUA, hibrid avtomobil, gələcəkdə isə qırıcı təyyarə və başqa hərbi və mülki sənaye sahəsində dünya liderliyinə iddialı olacaq:

” İki il əvvəl müdafiə sənayesi layihələrinin büdcəsi 5,5 milyard dollardan 75 milyard dollara çatıb. Türkiyə dünyanın aparıcı pilotsuz uçuş aparatları istehsalçıları və ixracatçılarından birinə çevrilib. Mütəşəkkil sənaye zonalarının sayı 192-dən 3330-a çatdı. Türkiyənin hazırda Milli Kosmik Proqramı mövcuddur. Türkiyə dünyanın önəmli coğrafiyalarında nüfuza və həmçinin hərbi mövcudluğa malikdir. Ərdoğanın mövqeləri qlobal sülhə böyük töhfələr verir”.

T.İsmayılovun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün sahələrdə inkişafı ilə bağlı mühüm işlərə imza atıb:

“Türkiyədə həyata keçirilən çoxvektorlu siyasət Ankaranın daha da güclənməsinə və geosiyasi müstəvidə söz sahibi olan ölkələrdən birinə çevrilməsinə şərait yaratdı. Türkiyə xalqı artıq yeni türk əsrinə səs verdi. Beləliklə, Türkiyə düşmənlərinin arzusu ürəyində qaldı”.

//Gülnarə Abasova, Editor.az