Türkiyə-Ermənistan münasibətləri: Normallaşma prosesi necə inkişaf edəcək, hansı çətinliklər var?backend

Türkiyə-Ermənistan münasibətləri: Normallaşma prosesi necə inkişaf edəcək, hansı çətinliklər var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatik mənbələrdən verilən məlumata görə, Türkiyə və Ermənistan bu dəfə vasitəçilik etmədən normallaşma prosesini reallaşdırmağa çalışacaq.

Qeyd olunur ki, tərəflər 2009-cu il prosesində rol oynayan İsveçrə və digər Qərb ölkələrinin səylərinə təşəkkür ediblər, lakin bu yeni prosesi birbaşa dialoq yolu ilə həyata keçirməyə qərar verdiklərini bəyan ediblər. Həmçinin 2009-cu ildə imzalanan Sürix protokollarının Türkiyə və Ermənistan ictimai rəyində mənfi rəy yaratdığından bu sənədlərin əvəzinə yeni anlayışla hazırlıqlar aparmağa meyl olduğu da vurğulanır. Bununla belə, mənbələr Ermənistandakı daxili problemlər və Rusiyanın çəkisinin İrəvanın manevr məkanını daralda biləcəyindən narahat olduqlarını bildirirlər.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının ən çətin problemlərindən biri də İrəvanın 1915-ci il hadisələrini “soyqırım” kimi qələmə verməsi və Türkiyənin bunu qəbul edib üzr istəməyini gözləməsi kimi görünür. İrəvan həmçinin ilk növbədə ABŞ və Fransadakı diasporları vasitəsilə həyata keçirtdiyi beynəlxalq kampaniyalarla daha çox ölkə və parlamentin 1915-ci il hadisələrini soyqırım kimi tanımasına çalışır. Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Co Baydenin “soyqırım” sözünü işlətməsi 24 aprel tarixli ilk bəyanatında əvvəlki prezidentlərdən fərqli olaraq erməni diasporu və İrəvan tərəfindən müsbət hal kimi qiymətləndirilib. Türkiyə isə 1915-ci il hadisələrinin soyqırım kimi müəyyən edilməsinə qəti şəkildə qarşı çıxır və tarixi hadisələrin tarixçi və ekspertlər tərəfindən dəyərləndirilməsinin vacibliyini vurğulayır.

Qeyd olunur ki, Türkiyə və Ermənistan həm dövlət, həm də hüquqlar səviyyəsində bu dərin tarixi qarışıqlığın normallaşma prosesinə kölgə salmamasının lazım olduğunu başa düşür. Ermənistan hakimiyyətinin müxalifətin reaksiyasına rəğmən Türkiyə ilə “şərtsiz” dialoqa hazır olduğunu deməsi İrəvanın bu məsələyə yanaşmasını göstərən mesaj kimi qiymətləndirilir.

Tərəflərin 2009-cu il prosesində bu məsələni gündəmə gətirmədikləri, hazırlanan protokollarda məsələni tarixçilərin ixtiyarına buraxmağa razılaşdıqları da xatırladılır. Münasibətlərin inkişafına dair 2009-cu il protokolunda “iki xalq arasında qarşılıqlı etimadın bərpası məqsədilə dialoqun həyata keçirilməsi, o cümlədən tarixi mənbələrin və arxivlərin obyektiv elmi tədqiqi, cari problemlərin müəyyən edilməsi və Türk, Erməni, eləcə də İsveçrə və digər beynəlxalq ekspertlərin daxil olacağı alt komitənin yaradılması qərara alınıb. Tərəflərin bu məsələ ilə bağlı eyni razılaşma ilə yoxsa yeni çərçivədə məşğul olacağı xüsusi nümayəndələrin görüşlərindən sonra müəyyənləşəcək.

Mənbə:BBC Türkcə

//Gülnarə Abasova, Editor.az