Türkiyə-Ermənistan normallaşma prosesi: münasibətlərin bərpası və sərhədin açılması perspektivləribackend

Türkiyə-Ermənistan normallaşma prosesi: münasibətlərin bərpası və sərhədin açılması perspektivləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Ermənistan “diplomatik” əlaqələrinin yaxın tarixi

Türkiyə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. Daha sonra Türkiyə Qars və Gümrü arasında tarixi dəmir yolunu yenidən açdı və hər iki hökumət arasında diplomatik münasibətlərin qurulmasını üçün qeyri-rəsmi təmaslar baş tutdu. Lakin Türkiyə 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğal etməsinə cavab olaraq birtərəfli qaydada dövlət sərhədlərini bağladı.

2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan türkiyəli həmkarı Abdullah Gülü İrəvanda iki milli komanda arasında keçirilən futbol oyununa dəvət etdi. “Futbol diplomatiyası” kimi qəbul edilən bu dəvətdən sonra, 2009-cu ilin oktyabrında Sürixdə danışıqlar və ikitərəfli protokolların imzalanması baş tutdu. Birinci protokol diplomatik münasibətlərin qurulması və qapalı sərhədlərin açılmasını əhatə edirdi. İkincisi, iki ölkə arasında ticarət, turizm və iqtisadi əməkdaşlığı inkişaf etdirməklə yanaşı, bir neçə alt komissiyadan ibarət hökumətlərarası orqan formalaşdırmaqla ikitərəfli münasibətlərin inkişafını ehtiva edirdi. Lakin hər iki tərəfin daxili siyasi təzyiqlər və Azərbaycanın qarşı mövqeyi bu protokolların ratifikasiya olunmamasına səbəb oldu. Ermənistan-Türkiyə diplomatik münasibətlərinini dondurulmuş vəziyyətdə qalmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması idi.

Nəticə olaraq, Türkiyə və Azərbaycan sərhədlərini bağladıqdan sonra Ermənistan otuz il ərzində, təcrid vəziyyətində idi. Ermənistan, regional enerji və nəqliyyat layihələrindən kənarda qaldı və dünya bazarlarına çıxmaq üçün Gürcüstan və İrandan keçən daha uzun ticarət yollarından istifadə etməyə məcbur qaldı.

İkinci Dağlıq Qarabağ müharibəsindən sonra normallaşma üçün müsbət siqnallar

2020-ci ilin sentyabrında Ermənistan Ordusunun Azərbaycanın mülki əhalisinə və hərbi qüvvələrinə hücumu və bir sıra humanitar atəşkəs sazişini pozması ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağda toqquşmalar baş verdi. 2020-ci il noyabrın 10-da atəşkəslə başa çatan 44 günlük müharibə zamanı Azərbaycan Dağlıq Qarabağın bir neçə şəhərini, 300-ə yaxın qəsəbə və kəndini otuz ilə yaxındır davam edən işğaldan azad etdi. Türkiyə bu mübarizədə Azərbaycanı qətiyyətlə dəstəklədi. Atəşkəs razılaşması nəticəsində Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytardı, bu isə o demək idi ki, Türkiyənin Ermənistanla əlaqələri kəsmək üçün ilkin əsaslandırması artıq aktual deyil.

Hazırda, iki ölkə arasında normallaşma təşəbbüsünün uğurlu olmaq şansı daha yüksəkdir. İkinci Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış atəşkəs sazişi ilə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirməyə çalışılır. Belə bir dəhliz Türkiyənin Mərkəzi Asiyada türk dövlətləri ilə daha sıx əlaqələri inkişaf etdirmək üçün davam edən səylərinə müsbət təsir edə bilər. Türkiyə-Ermənistan sərhədinin açılması Çin, Orta Asiya-Cənubi Qafqaz-Türkiyə vasitəsilə Avropa arasında ticarəti inkişaf etdirmək və əlaqələri daha da gücləndirməyə xidmət edə bilər.

Türkiyə və Ermənistan normallaşma prosesini başlanması üçün xüsusi nümayəndələr təyin etdilər. İki ölkənin nümayəndələri danışıqların birinci raundunu 2022-ci ilin yanvarında Moskvada, ikinci raundunu isə 2022-ci ilin fevralında Vyanada keçirdilər. Hər iki tərəf nəqliyyat əlaqələrinin iqtisadi dividendlər və daha çox sabitlik gətirəcəyi gözlənilən regional inteqrasiyaya yol açacaq normallaşmada maraqlı olduqlarını bəyan etdilər.
Sərhədlərin qapalı olması həm Ermənistanda, həm də Türkiyənin şərq bölgələrində iqtisadi inkişafı məhdudlaşdırırdı. Dənizə çıxışı olmayan ölkə olmaqla yanaşı, Ermənistanın regionda iqtisadi əlaqələri iki sərhədinin bağlı olması səbəbindən məhdud idi. Nəticədə, Ermənistanın dünya ilə yeganə əlaqəsi Gürcüstan və İran vasitəsilə mümkün idi. Türkiyə-Ermənistan ticarəti Gürcüstan üzərindən həyata keçirilirdi ki, Ermənistana gələn türk mallarının üzərinə əlavə xərclərə gəlirdi. Həmçinin, sərhədlərin qapalı vəziyyəti Ermənistanla qonşu olan dənizə çıxışı olmayan şərqi Türkiyənin iqtisadi inkişafına zərbə idi. Regional iqtisadi inteqrasiya hər iki tərəfin iqtisadi şəraitinin yaxşılaşdırılması üçün vacibdir.

Regional iqtisadi qarşılıqlı əlaqələr: Türkiyə və Cənubi Qafqaz

Cənubi Qafqaz Rusiya, İran, Türkiyə, Avropa və Mərkəzi Asiyanın qovşağında yerləşir. Regionun geosiyasi əhəmiyyəti Xəzər dənizində və Mərkəzi Asiyada qaz və neft ehtiyatlarının, o cümlədən regiondan keçən boru kəmərlərinin və Avropaya tranzit dəhlizlərinin olması ilə təsdiqlənir. Türkiyə, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq inkişaf etmişdir, Ermənistan isə Gürcüstandan keçən ticarət marşrutu istisna olmaqla, üçtərəfli əlaqələrdən kənarda qalmaqda idi.
Enerji tranzit marşrutlarının mərkəzində yerləşən Türkiyə geostrateji mövqeyindən bəhrələnməyə çalışır. Rusiyadan və Xəzərdən gələn daha böyük həcmdə neft tankerlərlə Türkiyə boğazlarından keçərək beynəlxalq bazarlara daşınır, belə ki Ceyhan limanı Xəzər neftinin ixracı üçün mühüm mərkəzə çevrildi.

Gürcüstan Cənubi Qafqazda ticarət axınları və enerji layihələri üçün tranzit ölkə kimi mühüm rol oynasa da, iqtisadi çəkisi Türkiyə və Azərbaycandan xeyli geri qalır. Cənubi Qafqazın ən zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan enerji layihələrində əsas oyunçudur. Türkiyə, Azərbaycan və Gürcüstan bir-biri ilə əməkdaşlığını, xüsusən Mərkəzi Asiya respublikalarını da əhatə edən nəqliyyat və enerji sektorlarında meqa layihələr (Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum (BTE) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Bakı-Tbilisi-Qars dəmir yolu) vasitəsilə artırmaqda maraqlıdırlar.

Nəqliyyat və logistik məsələlər

Transxəzər dəhlizi Avropa İttifaqının (Aİ) TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhliz) və Türkiyənin Çini Avropa ilə birləşdirən “Orta Dəhliz” (Middle Corridor) baxışlarına uyğundur. Çindən Qazaxıstandan və Orta Asiyadan, Xəzər dənizindən keçərək Cənubi Qafqaza və Türkiyəyə gedən ticarət yolu ilə Aİ-yə qədər uzanır. Bu, Türkiyə hökumətinin üstünlük verdiyi dəhlizdir; Cənubi Qafqaz ölkələri üçün mühüm prioritetdir. Avropa İttifaqı nöqteyi-nəzərindən Transxəzər dəhlizinin Çin-Aİ ticarətini təşviq etmək, eləcə də Aİ-nin Rusiyadan, ilk növbədə enerjidən asılılığından qurtularaq Mərkəzi Asiyada enerji bazarlarına çıxışını təşviq etmək üstünlüyü daşıyır. Transxəzər marşrutu – Çin və Avropa arasında bir neçə ölkəni keçən multimodal marşrutdur və hərtərəfli infrastruktur şəbəkəsi, uyğunlaşdırılmış gömrük və transsərhəd prosedurları tələb edir. Xəzər dənizini Türkiyənin şərqi ilə birləşdirən Bakı-Tbilisi-Qars, İstanbuldakı Yavuz Sultan Səlim körpüsü, o cümlədən dəmir yolu, Asiya və Avropa arasında malların və insanların maneəsiz axını üçün dəhliz təmin etmək məqsədi daşıyır. Transxəzər marşrutu Aİ bazarlarına çıxışda Çin üçün Şimal marşrutuna alternativ kimi qiymətləndirilir.

Hazırda dənizə çıxışı olmayan Ermənistan üçün Hind okeanı və Fars körfəzini İran üzərindən Qara dənizə birləşdirən Şimal-Cənub dəhlizi, Ermənistan və Gürcüstandan Rusiya vasitəsilə Şimali Avropaya qədər uzanan dəhlıizi təqdim edir. Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi Ermənistanı ümumavropa nəqliyyat şəbəkələri ilə birləşdirə bilər.

Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması perspektivi sərfəli alternativ olan Xəzər ticarət axınına imkan verəcək. Ermənistan vasitəsilə Azərbaycanı Türkiyə ilə birləşdirən iki mümkün marşrut vardır:

• Türkiyə Doğu Kapı sərhədindən Ermənistanın Kirovakan və Delikana regionuna və Azərbaycandan Xəzər sahilinə qədər uzanan marşurutdur.

• Türkiyə sərhədindən İrəvana gedən ikinci cənub marşrutu Naxçıvanda Azərbaycan ərazisinə, sonra isə Ermənistanən Mehri dəhlizi ilə, Dağlıq Qarabağa və Xəzər üzərindən Bakıya qədər uzanır.

Cənubi Qafqazda baş verən son geosiyasi proseslərə yeni yanaşma müşahidə edə bilərik. Azərbaycan və Türkiyə planlaşdırılan Qars-Naxçıvan-Meğri-Bakı (QNMB) dəmir yolu ilə Türkiyədən Xəzər dənizinə alternativ keçid təklif edən Zəngəzur Dəhlizi ideyasını dsətəkləyirlər. Zəngəzur dəhlizi regional sülhə də mühüm töhfə verə bilər, regionda iqtisadi qarşılıqlı asılılığı artıracaq, TransXəzər Beynəlxalq Nəqliyyat dəhlizində iştirakçı ölkələrə müxtəlif bazarlara daha ucuz və asan çıxış baxımından əhəmiyyətli faydalar təqdim edəcək, lakin bu marşrutun işə salınması üçün fərqli yanaşmlar var və danışıqların gedişatında asılı olacaqdır. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli, Türkiyənin təklif etdiyi Zəngəzur dəhlizi vasitəsilə münasibətlərin qarşılıqlı yumşaldılması istiqamətində atılan addımlar və əməkdaşlıq çərçivəsində müzakirələr Cənubi Qafqazın daha sabit regiona çevrilməsinə və regionun rolunun artırılmasına xidmət edəcək.

ŞƏRH:

Türkiyə ilə Ermənistan arasında danışıqların davam etdirilməsi üçün ilkin şərtlərin olmaması hər iki görüşdə də iştirakçı dövlətlər tərəfindən vurğulandı. Bu mövzuda, 1915-ci il hadisələrinin yaxın gələcəkdə deyil, sonrakı dövrdə müzakirə ediləcəyi mənasını vermiş oldu. İki ölkə arasında gərginliyin əsas məsələsinin həllinin təxirə salınması normallaşma prosesinin nə qədər effektli ola biləcəyini sorğulamaq üçün zəmin yaradır. Qeyd etmək lazımdır ki, Türkiyə dəfələrlə məsələnin həlli üçün Türkiyə və Ermənistan tarixçilərindən və beynəlxalq ekspertlərdən ibarət birgə komissiya yaradılmasını təklif etmişdir.
Türkiyə normallaşma prosesini təklif etdiyi 3+3 platforması çərçivəsində Türkiyə, Rusiya, İran və Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstanla birgə təmin etməyə çalır. Gürcüstan Ermənistan-Türkiyə sərhədinin yenidən açılması ehtimalından narahatdır. Son 30 ildə, Gürcüstanın coğrafi mövqeyi Cənubi Qafqazda mühüm tranzit mərkəzi rolunu oynamağa imkan yaratmışdır. İran potensial yeni nəqliyyat dəhlizlərinin yaranması vəziyyətində itirəcəklərini hesablamaq baxımından narahat görünür. Hazırda İran Azərbaycanla Naxçıvan arasında yeganə quru körpü rolunu oynayır və Türkiyə mallarının Azərbaycana göndərilməsi üçün həyati əhəmiyyət kəsb edən marşrut təmin edir. Azərbaycan iki dövlət arasında normallaşmanın baş tutması yönümündə mövqeyini yumşaltdığı müşahidə olunur. 2020-ci ildəki hərbi əməliyyatların dinamikası Azərbaycanın xeyrinə dəyişdi və atəşkəs əldə olundu, lakin Azərbaycan-Ermənistan arasında arabir silahlı atışmalar davam edir və Dağlıq Qarabağın siyasi statusu həll olunmamış qalır. Ermənistan və Azərbaycan arasında davam edən gərginlik Türkiyənin normallaşma səyləri üçün risk yarada bilər.
Rusiya rəsmiləri Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini ifadə etsə də, Moskva status-kvodan faydalanmağa çalışdı. Dağlıq Qarabağ münaqişəsi Moskvanın həm Yerevan, həm də Bakı üzərində təsir rıçaqlarını təmin etmiş oldu, Ermənistanın təcrid olunması onun Rusiyadan asılılığını xeyli artırmışdı. Müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs Rusiyanın Dağlıq Qarabağda hərbi mövcudluğunu təmin etdi. Bu yeni dinamika Rusiyanın istənilən normallaşma səylərini çətinləşdirmək qabiliyyətini də gücləndirir.
Qərb dövlətləri post-Qarabağ müharibəsi zamanı kənara çəkilmə mövqeyi nümayiş etdirsə də, Türkiyə-Ermənistan arasında münasibətlərin yenidən yaradılmasını alqışlayır və Rusiyanın Cənubi Qafqazda təsirinin azalmasına və Ermənistanın İrandan asılılğının azalmasına səbəb ola biləcəyinə ümid edir.

Hər bir halda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması potensialı heç vaxt bu qədər perspektivli olmamışdır və ilk dəfədir ki tərəflər üçüncü tərəf olmadan birbaşa olaraq danışıqlarda iştirak edir. Lakin ümumilikdə bu addım incə prosesdir və Rusiya və Azərbaycanın mövqeyinin nəzərə alınması ilə yanaşı ciddi hesablamalar tələb edir.

Müəllif:
Aytən Əliyeva
Vyana Universiteti Siyasi Elmlər İnstitutunun doktorantı