Türkiyə və Ermənistan iki dövlət arasında münasibətlərin tam normallaşmasına və sülhün bərpasına hazırdırlar və Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması bütün regionda sabit sülhü təmin edəcək.
Editor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməənistanlı həmkarı Aararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib: “Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması regionda sülh və sabitliyə töhfə verəcək. Ölkələrimiz səmimi addımlar atsa, Cənubi Qafqazda sabit sülh əldə oluna bilər. Regiondakı sabitlik iqtisadi inkişafa da təsir göstərəcək”, – Türkiyə XİN rəhbəri qeyd edib.
Çavuşoğlu bildirib ki, o, erməni həmkarı ilə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının davam etdirilməsi üçün lazım olan addımları müzakirə edib, onların sürətləndirilməsi barədə razılaşıblar. Bu məqsədlə Türkiyə iki ölkə sərhədində sərhəd və buraxılış məntəqələrinin tam açılması üçün hazırlıq işlərini gücləndirib və hazırda onlara gedən yolları və körpüləri təmir edir. Xüsusən də Ani sərhəd körpüsündən keçən hissəsində Türkiyə və Ermənistanın birgə səyləri ilə təmir işləri aparılacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri, həmçinin iki ölkə arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesinin sürətləndirilməsi ilə bağlı razılıq əldə etdiyini bildirib və bunun bərpa edilməsi xüsusi əhəmiyyət kəsb edən Böyük İpək Yolunun tarixi marşrutu olduğunu xatırladıb.
//Samir Qurbanov, Editor.az