Bu gün Türkiyə və Ermənistan sərhədində xüsusi nümayəndələr arasında keçirilən danışıqlarda Ankara və İrəvan nümayəndələri iki məsələdə razılığa gəliblər.
Türkiyə nümayəndə heyətinə xüsusi nümayəndə Serdar Kılıç, Ermənistan nümayəndə heyətinə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan başçılıq edib. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər diplomatik pasport sahibləri üçün viza prosedurlarının sadələşdirilməsi barədə razılığa gəliblər. Razılaşma qarşılıqlı olacaq.
Digər razılaşma isə dəmir yolu üzərində Ahurik/Akyaka sərhəd keçidinin açılması üçün bölgənin texniki ehtiyaclarının qiymətləndirilməsi ilə bağlıdır. Bundan əlavə, Kılıç və Rubinyan son məqsədin Türkiyə-Ermənistan münasibətlərinin nizama salınmasını qeyd edərək, tərəflərin ilkin şərt olmadan gələcək nizamlanmaya sadiqliyini təsdiqləyiblər.
Xatırladaq ki, Türkiyə prezidenti bundan əvvəl normallaşmanın qeyri-mümkün olacağı şərti qeyd etmişdi. Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasıdır. Bundan əlavə, Ankara hazırda Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarını qəbuledilməz hesab edir.
//Samir Qurbanov, Editor.az

