Türkiyə iqtisadiyyatına 84 milyard dollar zərər: dəhşətli faciənin ölkə iqtisadiyyatımıza hansı təsirləri olacaq?backend

Türkiyə iqtisadiyyatına 84 milyard dollar zərər: dəhşətli faciənin ölkə iqtisadiyyatımıza da hansı təsirləri olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.Bu barədə “Bloomberg” agentliyi Sahibkarlar Konfederasiyasının və ölkənin işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən xəbər verir. Biznes qrupunun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq.

İqtisadçı ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bildirib ki, qardaş Türkiyədə dəhşətli zəlzələdən 3 gün sonra Qlobal kredit reytinqi agentliyi Fitch Ratings zəlzələlərdə sığortalanmamış zərərin 4 milyard olduğunu söylədi:

“Daha sonra zərərin 100 milyard olması ilə bağlı açıqlamam suallar doğurmuşdu. İndi isə dəymiş zərərin 84 milyard olduğu söylənilir, günlər keçdikcə daha dəqiq hesablamalar nəticəsində daha böyük rəqəmlər ortaya qoyulacaq. Hesab edirəm ki, ümumdaxili məhsuluun 12 faizinə qədər zərər qaçılmazdır. İnsanların şəxsi əmlakı, infrastruktura dəymiş zərərlər milyardlarladır. İstehsal sahələrində ciddi dayanmalar olacaq, təchizat zənciri qırılacaq. Üst-üstə dəymiş zərər 100 milyardı keçəcək. Bu, yaxın illər ərzində Türkiyə, dolasıyıla Azərbaycan iqtisadiyyatına öz mənfi təsirlərini göstərəcək”.

Ekspert vurğulayıb ki, Türkiyə Azərbaycanın ilk üçlükdə olan iqtisadi tərəfdaşlarından biridir:

”  2020-ci il fevralın 25-də Türkiyə-Azərbaycan arasında Preferensial Ticarət Sazişi imzalandı. Bu sazişə görə, Türkiyə-Azərbaycan arasında ticarət dövriyyəsi üç dəfəyədək artırılaraq 15 milyard dollara çatdırılmalı idi. Ancaq hazırda bu hədəfə çatmaq mümkün deyil. 2020-ci ildəki pandemiyanın 2021-ci ilə olan təsirləri, İkinci Qarabağ müharibəsi, hazırda isə Türkiyədə baş verən zəlzələ Azərbaycan və Türkiyə arasında olan iqtisadi əlaqələrə öz mənfi təsirlərini göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə Türkiyə şirkətləri çox geniş fəaliyyət göstərirdi. Türkiyədə  olan zəlzələ ehtimal ki, bu prosesə də  öz təsirini göstərəcək. Çünki böyük türk şirkətlərinin məhz zəlzələnin nəticələrinin aradan qaldırılması , infrastrukturun yenidən dirçəlməsində iştirakı digər istiqamətlərdə müəyyən qədər fəaliyyət məhdudiyyətlərinə gətirib çıxara bilər. Türkiyədən Azərbaycana daha çox tekstil, elektrik məhsulları idxal olunur. Zəlzələ olan ərazilərdə isə daha çox formalaşan kənd təsərrüfatı məhsullarıdır. Onların da Türkiyədən Azərbaycana ixracı o qədər də böyük deyil. Ona görə də hər hansı bir məhsul qıtlığı ilə bağlı Azərbaycanda problemin yaşanacağı gözlənilmir”.

//Gülnarə Abasova, Editor.az