Türkiyə istədiyini ala biləcəkmi? – Ankara ilə Moskva arasında bu istiqamətdə artıq razılaşmalar mövcuddur -Vəziyyət daha da GƏRGİNLƏŞİRbackend

Türkiyə istədiyini ala biləcəkmi? – Ankara ilə Moskva arasında bu istiqamətdə artıq razılaşmalar mövcuddur –Vəziyyət daha da GƏRGİNLƏŞİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin “qırmızı xətləri” alyansın Parlament Assambleyasının toplantılarına da damğasını vurub. NATO toplantılarında Türkiyənin tələblərinin yerinə yetiriləcəyi təəssüratları yarandı. Türkiyənin etibarlı tərəfdaş olduğu vurğulanıb. Bu müharibə Türkiyənin NATO-dakı önəmini artırıb, Qərb də bunu görür.

Maraqlıdır, Türkiyə İsveç və Finlandiya məsələsində istədiyini ala biləcəkmi?

Siyasi analitik Azər Qasımov Editor.az-a bildirib ki, Türkiyənin problemlərə prinsipial yaxınlaşmasının öz nəticəsini verəcəyindən şübhə yoxdur:

“Hadisələrin gedişi bir daha onu göstərir ki, İsveç və Finlandiyanın NATO-ya alınması əslində Rusiya və NATO üçün prinsipial əhəmiyyət kəsb etmir. Bu, Ukrayna müharibəsi fonunda iki skandinav ölkəsinin Rusiyanın çarəsizliyindən istifadə edib NATO-ya alınma cəhdidir. Rusiyanın  da buna ciddi reaksiya göstərməsi real görünmür. Bu ölkələrin NATO-ya qəbulundan sonra ordakı NATO qüvvələrinin hansı addımlar atacağını izləyərək buna görə cavab reaksiya verəcəklərini bildirirlər. Bu durumda Türkiyənin PKK kimi ciddi problemin həllində bu ölkələrin verdiyi dəstəyin çəkilməsi tələblərini irəli sürməsi təbii haldır. Türkiyənin, eyni zamanda, ABŞ və digər Avropa ölkələrindən Almaniya, Fransa ilə də eyni məzmunda danışıqlar aparacağı şübhəsizdir, çünki onlar da eyni fəaliyyət içərisindədirlər”.

A. Qasımov qeyd edib ki, NATO baş katibi Y.Stoltenberqin Türkiyənin narahatlıqlarının aradan qaldırılmasının vacibliyini vurğulaması da onu göstərir ki, Türkiyə tələblərində haqlıdır:

“Türkiyə bu günə kimi apardığı düşünülmüş ardıcıl siyasətlə hər bir tarixi vəziyyəti öz lehinə çevirməyi bacardı. Əminliklə demək olar ki, Türkiyənin Suriyanın Menbiç və Tel-Rıfat bölgələrində başladacağı PKK terrorçularına qarşı hərbi əməliyyat da İsveç və Finlandiyanın NATO-ya alınması müqabilində irəli sürülən şərtlərdən biridir.  Türkiyənin F16 məsələsində də ABŞ-la artıq razılığa gəlindiyi bildirilir.  Hadisələrin gedişi bir daha onu göstərir ki, iki skandinav ölkəsinin NATO-ya alınması mümkün olacaq. Rusiya da buna ciddi reaksiya göstərməyəcək. Amma Rusiyanın addımları bu dəfə doğru hesablanmalıdır. Rusiyanın əsgəri gücü barədə olan mif dağılsa da, hələ ki, Rusiya ən güclü nüvə dövlətidir. Ukraynada istədiyi kimi nəticə ala bilməyən Rusiya daha da məğlub duruma düşərsə, hansı ki bu, təxminən bu ölkələrin NATO-ya alınması ilə eyni zamana uyğun gələcək, onda Rusiya fikrini dəyişib bu iki ölkəyə zərbə endirə bilər. Hesab etmək olar ki, istər ABŞ-ın müəyyən dairələrində və istərsə də Avropanın aparıcı ölkələrindən Almaniya, Fransa, İtaliyanın Rusiyanın Ukrayna müharibəsindən tamamilə məğlub çıxmaması və Putinin üzünün saxlanılması kimi çağırışları bununla bağlıdır”.

Editor.az-a açıqlamasında  beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, İsveç və Finlandiyanın terrorizmi dəstəkləməsi, silah satışına embarqo qoyması Türkiyənin haqlı olaraq unutmadığı reallıqlardır:

“Ancaq rəsmi Ankaranın tələblərinin də yerinə yetirilməsi real görünmür. Çünki həmin ölkələrin maraqları da imkan vermir ki, ərazilərində yerləşdirdikləri PKK mərkəzlərini təhvil versinlər. Hesab edirəm ki, bu məsələ İsveç və Finlandiyanın dövlət iradəsindən aslı deyil. Bu detalları isə Türkiyə bildiyi üçün kifayət qədər dəqiq davranır və özünə əmin şəkildə beynəlxalq terrora dəstək verən ölkələrin təhlükəsizlik qurumunda yer almasına icazə vermir. Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında bu istiqamətdə artıq razılaşmalar mövcuddur. Suriyanın Şimalında türk ordusunun əməliyyatlara başlaması da bunu sübut edir. Türkiyə “veto” haqqından istifadə edib bu iki ölkənin NATO-ya üzvlüyünə imkan verməyəcək. Bu mənada rəsmi Ankaranın milli maraqları məhz bunu tələb edir”.

//Gülnarə Abasova, Editor.az