“Bizim üçün çox vacib sayılan Ərdoğan və Bayden arasında görüş başa çatıb. Hər iki liderin bu kimi görüşlərə sərf etdikləri vaxtı nəzərə alsaq, 1 saat 5 dəqiqə pozitiv məqamdır. Konkret yazılı anlaşmalar olmasa da, fikir mübadiləsi və verilən qərarlar var. Düzdür, S-400 ətrafında manipulyasiya hələ də bəyanatlardan çıxarılmayıb”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, görüş zamanı Ərdoğan Baydenə Türkiyənin Vaşinqton üçün mühüm dövlət olduğunu “başa salıb”. Rusiya və Yaxın Şərqdən gələn təhdidlərə qarşı Vaşinqton üçün məhz regionlarda real hərbi- siyasi- iqtisadi güc olan Ankaranın köməyinə ehtiyacı olduğuna eyham vurulub:
” Son zamanlar Makron və Rusiya lobbisinin təsirində olan qrupların “Avropa ordusu” haqqındakı çıxışları fonunda görüş zamanı, həm Ərdoğan, həm Bayden NATO’nun bundan sonra da yeganə strateji blok kimi qalacağını bəyan ediblər. Eyni zamanda, görüşdə Suriya, İraq, Ukrayna, Cənubi Qafqaz, Əfqanıstanda baş verənlər də müzakirə olunub. Çox güman ki, Türkiyə lideri Qarabağ və Zəngəzur ətrafında baş verənlər fonunda, proseslərdən Vaşinqtonun əldə edə biləcəyi dividentlər haqqında danışıb”.
Zaur Məmmədov qeyd edib ki, görüşün mərkəzi mövzulardan biri kürd terrorçularına ABŞ-ın davam edən hərbi- texniki və maliyə dəstəyi mövzusu olub:
“Çox güman ki, yardım tam dayanmasa da, bir müddət daha latent hal alacaq. L Belə başa düşülür ki, Türkiyə “S- 400” ləri almaqda davam edəcək. Pentaqon isə, Türkiyəyə “F-16″ ların satışını bərpa edəcək. Beləliklə, Türkiyə lideri Bayden və onun administrasiyasına amerikalıların bölgədə nəyi necə etməli olduqları ilə bağlı dərs keçdi. Öz növbəsində, G20 sammiti ən optimal diskussiya platformalardan biri olduğunu təsdiqləmiş olur”.
//Gülnarə Abasova, Editor.az

