Türkiyə NATO ilə danışıqlarda hansı strategiyanı İZLƏYİR və cənub sərhədi ilə bağlı tələbləri NƏDƏN İBARƏTDİR? – TƏHLİLbackend

Türkiyə NATO ilə danışıqlarda hansı strategiyanı İZLƏYİR və cənub sərhədi ilə bağlı tələbləri NƏDƏN İBARƏTDİR?TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı NATO paytaxtlarında, xüsusilə Ankara və Brüsseldə gərgin diplomatik danışıqlar davam edir. Türkiyə bu prosesdə iki istiqamətli strategiya həyata keçirir. Ankara iki Skandinaviya ölkəsinin PKK və YPG-yə dəstəyini kəsəcəyi təqdirdə ittifaqa girmək şərtinə Madriddə keçiriləcək zirvədə qəbul ediləcək 2023-cü il Strateji Konsepsiya sənədində daha güclü və aydın şəkildə yer verilməsinə çalışır.

İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Liderlər Zirvəsinin iki məqsədi var:

“Rusiyanın Ukraynaya hücumu və mümkün təhdidləri nəticəsində dəyişmiş qlobal təhlükəsizlik mühitinə qarşı hazırlanan Strateji Konsepsiya 2030 sənədini qəbul etmək. Buna görə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri yekdilliklə təsdiqlənərək prosesə rəsmi olaraq start verilib”.

Türkiyənin hər iki proseslə bağlı mühüm etirazları və tələbləri var. Ankara bunlara nail olmaq üçün hərtərəfli xarici və kommunikasiya siyasəti aparır. Türkiyənin İsveç və Finlandiyanın ittifaqda iştirakına mənfi münasibətini mayın 13-də prezident Rəcəb Tayyib Ərdoğan dünyaya bəyan edib. Ərdoğanın hər iki ölkənin “terror təşkilatlarına” dəstəyini gündəmə gətirən bəyanatından bir gün sonra Berlində keçirilən NATO xarici işlər nazirləri toplantısı ilə Ankara-Stokholm-Helsinki xəttində danışıqlar başladı. Hər iki ölkə prezidentinin Ərdoğanla təmasda olduğu bu prosesin ən mühüm görüşü mayın 25-də Ankarada baş tutub.

Bu görüşdə daha əvvəl ictimaiyyət və mətbuat vasitəsilə İsveç və Finlandiyaya yönəlmiş tənqidlər və tələblər yazılı şəkildə tərəflərə çatdırılıb. Prezident Ərdoğanın xarici siyasət üzrə baş müşaviri İbrahim Kalın iyunun 4-də “Anadolu” agentliyinə “Qarşı tərəfdən bu istiqamətdə bizim narahatlığımızı təmin edən konkret cavab gəlmədi” deyə açıqlama verərək Ankaranın da mövqeyinin dəyişmədiyini göstərdi.

Türkiyənin NATO-da danışıqlar apardığı ikinci mühüm məsələ isə alyansın qarşıdakı 10 ildə qarşılaşacağı təhdid və sınaqlara qarşı alınacaq hərbi və siyasi tədbirlərin müəyyən edildiyi 2030-cu Strateji Konsepsiya sənədidir. NATO-nun hər 10 ildən bir yenilənən Strateji Konsepsiya sənədinin Madrid Sammitində bütün liderlər tərəfindən təsdiqlənməsi və beləliklə də qüvvəyə minməsi gözlənilir. Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan proses Strateji Konsepsiya sənədi üzərində işin yenidən qiymətləndirilməsinə səbəb oldu. Şərqi Avropa və Baltikyanı ölkələrin mümkün Rusiya təhlükəsindən qorunması məqsədinin prioritet təşkil edəcəyi gözlənilən sənəddə buna görə də əsasən Şərq sərhədlərinin vurğulanması nəzərdə tutulur. Sənəddə NATO-nun cənub sərhədləri ilə bağlı yeni təhdid qiymətləndirmələrinin yer alacağı gözlənilir, lakin Türkiyənin Suriya və İraq sərhədlərindən xüsusilə özünə qarşı artan terror təhlükəsini vurğulamağa çalışdığı qeyd edilir.

Prezident Ərdoğan da iyunun 1-də Ədalət və İnkişaf Partiyasının (AKP) TBMM Qrup Toplantısındakı çıxışının böyük hissəsini “Avropanın terrora dəstəyi” mövzusuna həsr edib.

Türkiyə regionda sonuncu hərbi əməliyyatı 2019-cu ilin payızında həyata keçirib və həm Rusiya, həm də ABŞ ilə anlaşma memorandumları imzalayıb. YPG-nin bu protokollarda göstərildiyi kimi Türkiyə sərhədindən 30 kilometr dərinliyə çəkilmədiyini, əksinə, sərhədə yaxın bölgələrdən Türkiyəyə qarşı hücum və təhdidlərini davam etdirdiklərini vurğulayan Türkiyə Vaşinqton və Moskvanı öhdəlikləri yerinə yetirməyə çağırır. Onlar Türkiyənin hər iki paytaxtda mümkün əməliyyatına qarşı olduqlarını bəyan ediblər. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çərşənbə günü Ankaraya səfəri zamanı gündəmdə olacaq. Ankara həm “Avropanın terrora dəstəyi”, həm də əməliyyat məsələsini Türkiyə ictimaiyyətinin gündəmində saxlamaqla NATO-da danışıqlar prosesində əlini gücləndirməyi hədəfləyir.

Rusiyanın Ukraynadakı işğalının davam etdiyi və qlobal təhlükəsizlik mühitinin dərindən təsirləndiyi bir vaxtda Moskvanın qarşısında ən güclü və ən təsirli şəkildə dayanmaq istəyən NATO üçün Madrid Zirvə toplantısının rahat keçməsi böyük əhəmiyyət kəsb edir.

Ərdoğanın baş müşaviri İbrahim Kalının sammitin əhəmiyyətinin Ankara tərəfindən də qəbul edildiyini bildirib: “Zirvə görüşü son dərəcə vacibdir. Təbii ki, bu yeni konyukturada Ukrayna müharibəsi və digər hadisələr çərçivəsində NATO Sammitinin uğurlu olması və Alyansın öz əməkdaşlığı və həmrəyliyini gücləndirməsi son dərəcə vacibdir. Məhz bu səbəbdən Türkiyənin terrorla bağlı narahatlığının nəzərə alınması və Alyansın gücünün gücləndirilməsi baxımından əhəmiyyət kəsb etməsi son dərəcə vacibdir”. ABŞ və digər aparıcı üzvlər, xüsusən də NATO-nun baş katibi Yens Stoltenberq hər iki ölkənin üzvlüyünün Madriddə təsdiqlənməsini istəyir. Stoltenberqin iyunun 15-16-da NATO müdafiə nazirlərinin görüşünə qədər irəliləyiş görmək istədiyi və problemi Madriddən əvvəl həll etməyə çalışdığı bildirilir. İsveç və Finlandiya həm müdafiə nazirləri, həm də Madrid Sammitinin xüsusi qonaqları kimi iştirak edəcəklər.

//Gülnarə Abasova, Editor.az