“Rusiya-Ukrayna müharibəsinə təsir imkanları olan ölkələrin sayı azdır, ona görə ki bunun üçün etimada ehtiyac var. Türkiyə isə ilk vaxtlardan prosesin içərisindədir və tərəflər arasında bir neçə görüşün keçirilməsini təmin edə bilib. Bu günə qədər heç bir dövlət bunu edə bilməyib”.
Bu fikirləri Editor.az-a politoloq Natiq Miri sentyabrın 4-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçiriləcək görüş zamanı müzakirəyə çıxarılacaq məsələlərlə bağlı şərhində deyib.
Onun sözlərinə görə, qlobal güc olan Çin məsələ ilə bağlı konkret təkliflər paketi ortaya qoysa da bu sənəd keçmədi:
“Həmin sənəddən əlavə Çin Ukrayna və Rusiya rəsmiləri ilə birgə görüşün keçirilməsini də həyata keçirə bilmədi. Səudiyyə Ərəbistanında sülh prosesi ilə bağlı iclas keçirilsə də nəticə əldə olunmadı. Bir çoxları bu görüşə müəyyən perspektiv kimi baxırdı. Bu gün tərəflər arasındakı münasibətlərə töhfə verəcək birinci ölkə məhz Türkiyədir. Rəsmi Ankara hər hansı mənfəət , geosiyasi maraqlar kontekstindən məsələyə daxil olmayıb.Türkiyə dünyada bu müharibənin bitməsini istəyən yeganə ölkədir. Bu həqiqəti həm Rusiya, həm də Ukrayna rəhbərliyi bilir və ona görə də Türkiyə rəhbərliyinə etimad göstərirlər”.
Politoloqun fikrincə, rəsmi Ankara hər iki tərəfin maraqlarını təmin edəcək təkliflər ortaya qoyur:
“Müharibə nə qədər tez bitərsə, itkilərin də sayı o qədər az olacaq. Bu müharibə təkcə Rusiya və Ukraynaya təsir etmir, həmçinin qlobal iqtisadiyyata da ciddi zərər verir. Qiymətlərin qalxması, ərzaq qıtlığı və s. kimi problemlərin yaranmasına gətirib çıxardır. Bu problemə töhfə verə bilərsə, rəsmi Ankara üçün böyük nailiyyət olacaq “.
Natiq Miri tərəflər arasında müzakirəyə çıxarılacaq Taxıl sazişi ilə bağlı da fikir səsləndirib: ” Taxıl sazişinin yenidən razılaşdırılması məsələsinin perspektivi gözlənilir. Rusiya kənd təsərrüfatı bankının yenidən qlobal pul köçürmə sistemi olan SVİFT-ə qoşulmasını, eyni zamanda, gübrə və ərzaqlarının satışına qoyulan məhdudiyyətlərin, qadağaların aradan qaldırılmasını istəyir. Bu müddəalar qismən də olsa BMT-nin təqdim etdiyi sənəddə mövcuddur. Türkiyənin bu məsələdə Rusiya rəhbərliyini inandırmasına və BMT ilə birgə zəmanət verməsinə ehtiyac var. Rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin bitməsinə töhfə verə bilərsə, Türkiyə regional güc olmaqdan çıxıb qlobal bir oyunçuya çevriləcək. Bu həqiqəti hər kəs qəbul etmək məcburiyyətində qalacaq. Yəni, qlobal səviyyədə heç bir layihəni Türkiyənin iştirakı və razılığı olmadan həyata keçirmək mümkün olmayacaq”.
//Safura Bənnayeva, Editor.az