Türkiyə serialında xəritə qalmaqalı: İzlər Talıbovlara gedib çıxır – Şok iddiabackend

Türkiyə serialında xəritə qalmaqalı: İzlər Talıbovlara gedib çıxır – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yayımlanan və böyük reytinq qazanan “Mən bu cahana sığmazam” serialında bir məqam ciddi müzakirə edilir. Belə ki, serialın baş qəhrəmanı Cezayir Türkün oturduğu məkanın divarında Türkiyə və Azərbaycan xəritələri yan-yana asılıb. Amma Azərbaycan xəritəsində Naxçıvan Muxtar Respublikası yoxdur. Bu da ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Azərbaycanlılar Naxçıvanın xəritədə olmamasını etirazla qarşılayıb. İctimai müzakirələrdə serial komandasından bu “yanlışa” görə Azərbaycandan üzr istəmələri tələb edilir.

Məlumata görə, bu xəritə qalmaqalı təsadüf deyil. Hansısa texniki yanlış səbəbindən ortaya belə üzücü mənzərə çıxmayıb. Mənbənin dediyinə görə, xəritə xətasının əsl səbəbkarları Talıbovardır. Belə ki, onlar muxtar respublikada hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Azərbaycan dövlətinə asi olublar. Çox qəzəblidirlər.

Məlumatlı mənbənin sözlərinə görə, Vasif Talıbovun oğlanları Rza və Seymurun Türkiyə ilə sıx əlaqələri var. Əsas da film industriyasında onların tanımadıqları məşhur aktyor, rejissor, menecer, ssenarist yoxdur. Hətta qardaş ölkədə istehsal edilən bir çox məşhur seriallara Azərbaycanla bağlı epizodların, dialoqların, obrazların salınmasında onların rollarının olduğu bildirilir. Məlumatlı mənbənin sözlərinə görə, Talıbovlar bu xəritə detalı ilə Azərbaycan dövlətinə mesaj veriblər. Təxminən belə demək istəyiblər: “Naxçıvan bizlə var, biz yoxsuqsa, ora da yoxdur…”.

Serialda Naxçıvanla bağlı daha bir detal diqqət çəkir. Masanın üstündə Naxçıvan Muxtar Respublikasının bayrağı görünür. Bu detal da müşahidəçilər tərəfindən xüsusi həssaslıqla qarşılanır. Bütün bunlar nə deməkdir? Azərbaycan xəritəsindən Naxçıvan çıxarılır və Naxçıvanın bayrağı (?) serialda açıq nümayiş etdirilir. Yoxsa bütün bu detallar böyük prosesin anonsudurmu?

Bu məlumatın doğru olub-olmadığını Türkiyə və Azərbaycan dövlətlərinin aidiyyəti qurumları təsbit edə bilər. Biz media olaraq əlimizdəki məlumatı ictimaiyyətlə bölüşdük. Məsələ ilə bağlı rəsmi qurumların, sözügedən serialı çəkən komandanın, eləcə də Rza və Seymur Talıb qardaşlarının mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az