Türkiyə şirkətləri Rusiyadan Afrikanın ən yoxsul ölkələrinə 1 milyon ton taxıl tədarükündə iştirak etməyə hazırdır.
Editor.az bu barədə “TASS”a istinadən xəbər verir. “Türkiyə şirkətləri Qətərin maliyyə dəstəyi verəcəyi bu təşəbbüsdə fəal iştirak etməyə hazır olduqlarını bildiriblər”, – mənbə bildirib.
Sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Aleksandr Qruşko elan edib ki, Moskva və Ankara 1 milyon ton Rusiya taxılının sonradan inkişaf etməmiş ölkələrə daşınması üçün emalı ilə bağlı prinsipial razılıq əldə ediblər.
Xatırladaq ki, bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə görüşmüşdülər. Liderlər taxıl müqaviləsi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər. Putin bildirib ki, Rusiya yaxın bir neçə həftə ərzində altı Afrika ölkəsinə pulsuz taxıl paylamağa başlayacaq. Ərdoğan isə qeyd edib ki, Türkiyə Rusiya taxılının emalı və ehtiyacı olan ölkələrə daşınmasına köməklik göstərməyə hazırdır və o, Afrika ölkələrinə ərzaq paylanması üzrə tədbirlərin birgə həyata keçirilməsinə ümid edir.
//Gülnarə Abasova, Editor.az