Türkiyə siyasətində 3 açar adam: Seçkilərdən nə gözləyək?backend

Türkiyə siyasətində 3 açar adam: Seçkilərdən nə gözləyək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə rəsmi qaydada start verilməsindən sonra ölkədə yeni siyasi şərait yaranıb. Belə ki, Türkiyə tarixində ilk dəfə müxalifətin bu qədər geniş spektrının bir araya gəldiyi müşahidə olunur. Siyasi görüşündən, hansısa ideologiyanın daşıyıcısı olmasından asılı olmayaraq, hakimiyyətdən narazı olan bütün qüvvələr bu gün Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kemal Kılıçdaroğlunun ətrafında birləşib. 

Hətta deputat sayına görə parlamentdən üçüncü sırada dayanan Xalqların Demokratik Partiyası da (HDP) müxalifətin vahid namizədini dəstəklədiyini bəyan edib. Analitiklər bu amili Kılıçdaroğlunun şansını artıran faktor kimi qiymətləndirirlər.

1979-cu ildən sonra iqtidara bir addım daha yaxın

Məlumdur ki, Türkiyə zəngin siyasi palitraya malik bir ölkə olduğu üçün seçkinin favoritinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, yoxsa onun bir nömrəli rəqibi Kamal Kılıçdaroğlu olacağını söyləmək çətindir.

Seçkinin nəticəsindən asılı olmayaraq, Türkiyənin siyasi cəhətdən indiki kimi sabit bir ölkə olmayacağı gerçəyi isə artıq heç kimdə şübhə doğurmur.

Analitiklər isə yenidən Türkiyənin çoxpartiyalı dövrlərə qayıdacağını proqnozlaşdırırlar. Praktika göstərir ki, koalision hökumətlər heç bir zaman uzunömürlü olmayıblar. Buna misal olaraq 1960, 1971, 1980 və 1997-ci illərdə baş verən hakimiyyət çevrilişlərini misal göstərə bilərik.

Hər kəs “tort”dan bir pay götürmək niyyətindədir 

Ümumi rəy isə bundan ibarətdir ki, prosesdə iştirak edən bütün liderlər bu reallığı çox yaxşı başa düşürlər. Çünki “Altılı Masa” üzvü olan müxalifət partiyaların təmsilçilərinin çoxu Türkiyə siyasətində stajlı şəxslərdir və “köhnə qvardiya” üzvlərinin hər biri sözsüz ki, “tort”dan bir parça götürməyi qarşılarına məqsəd qoyub. Qənaətlər onu göstərir ki, burada hər kəsin öz planı var. Vahid məqsəd AKP iqtidarını hakimiyyətdən uzaqlaşdırmaq olsa da, bu məsələ ilə bağlı fərqli nümunələri də göstərmək olar: məsələn, 73 yaşlı Kılıçdaroğlu tarixdə prezident kimi qalmaq istəyirsə, Babacan da gəncliyinə güvənərək yeni planlar qurmağın arxasınca qaçır. Yaxud “Saadet” lideri Temel Karamollaoğlu “Refah” və “Fazilet”dən yaxşı tanıdığı, hətta siyasi İslam strategiyasında bərabər mübarizə apardığı R.T. Ərdoğanla bu gün əks qütbləri bölüşürsə, deməli, 81 yaşlı Karamollaoğlunun da burada hansısa məqsədi var. Hətta daha dərinə getsək, bu gün müxalifətin bir yumruq kimi birləşməsi şüarlarını pafos saymaq olar.

Meral Akşener nə istəyir? 

Burada ən maraqlı fiqur isə İYİ Partiya sədri Meral Akşenerdir. Keçmiş MHP-çi olan Akşener bu gün “Altılı Masa”da müxalifətdaxili müxalifət olan yeganə şəxs kimi tarixə adını yazdıra bildi. Müşahidəçilərin fikrincə, Akşenerin daha ciddi və uzağa gedən planları var. Xanım siyasətçi ümid edir ki, Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması ən çox onun işinə yarayacaq. İYİ Partiya başqanı düşünür ki, K.Kılıçdaroğlunun rəhbərliyi altında qurulan yeni hökumət uzunömürlü olmayacaq. Onun təxminlərinə görə, Kılıçdaroğlu və rəhbərlik etdiyi komanda Türkiyəni 1 il, uzaqbaşı isə il yarım idarə edə bilər.

Bir zamanların sabiq daxili işlər naziri olmuş xanım Akşenerin koalision hökumətində yer almayacağı da təxmin olunur. Məqsəd isə özünü qorumaq və post-Kılıçdaroğlu dövrünə hazırlaşmaq kimi qiymətləndirilir. Çünki koalision hökumətinin süqut etməsi birbaşa CHP-nin nüfuzunu da gözdən salacaq. Habelə Akşenerin planlarında əsas faktorlardan biri çox güman ki, “Cumhur İttifaqı”nın da sıradan çıxarılmasıdır. Təcrübələr göstərir ki, uzun illər Türkiyə siyasi arenasında hakimiyyətin iplərini əlində saxlayan partiyalar 1 dəfə büdrəyəndə artıq partiyadaxili parçalanma və süqut başlayır.

Görünən budur ki, məhz xanım Akşenerin də məqsədi bundan ibarətdir. Hətta uzun illərdir Türkiyədə “ana müxalifət” “kliçka”sını özündə saxlayan CHP tərəfindən qurula biləcək koalisiya hakimiyyətinin süqut etməsi ən pis halda İYİ Partiya sədrini yeni “ana müxalifət” edəcəksə, ən yaxşı halda da M.Akşenerin növbədənkənar seçkilərdə rəqibsiz olmasına gətirib çıxaracaq.

Təbii ki, Türkiyə siyasəti sürprizlərlə doludur. Burada sürpriz namizədlərin – Ümit Özdağ və Muharrem İncenin də, əgər namizədliklərini irəli sürərlərsə seçilmə şansları da yüksək qiymətləndirilir. Lakin reallıq budur ki, bu gün Türkiyə müxalifəti 20 illik AKP iqtidarını devirməyi qarşısına məqsəd qoyub. Sonrakı mərhələdə isə yeni bir “Fulton çıxışı”nın olmasını heç kim istisna etmir.

//yenisabah.az